
Müasir dövrdə enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin əsas elementlərindən biri hesab olunur. Bu baxımdan Azərbaycan həyata keçirdiyi ardıcıl enerji siyasəti ilə həm regionda, həm də Avropada etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan enerji layihələri ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinə də mühüm töhfələr verir. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan qazının Avropa bazarına təhlükəsiz və fasiləsiz çatdırılmasını təmin edən strateji layihə kimi böyük əhəmiyyət daşıyır.
Son illərdə Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığın genişlənməsi qarşılıqlı etimadın göstəricisidir. Azərbaycanın təbii qaz ixracının artması və yeni bazarlara çıxış imkanlarının genişlənməsi ölkəmizin etibarlı enerji təchizatçısı statusunu daha da gücləndirib.
Bununla yanaşı, Azərbaycan yaşıl enerji sahəsində də böyük layihələr həyata keçirir. Günəş və külək enerjisi üzrə imzalanmış müqavilələr gələcək illərdə ölkəmizin bərpaolunan enerji istehsalını əhəmiyyətli dərəcədə artıracaq. Bu isə həm daxili tələbatın ödənilməsinə, həm də yeni ixrac imkanlarının yaranmasına xidmət edəcək.
Azərbaycanın enerji siyasəti yalnız iqtisadi inkişafı deyil, həm də regional sabitliyi və beynəlxalq əməkdaşlığı gücləndirən mühüm amildir. Qarşılıqlı etimada əsaslanan bu siyasət ölkəmizin strateji tərəfdaş kimi mövqeyini gələcəkdə də qoruyub saxlayacaq.
Zeynəb Hacıyeva,
YAP Nizami rayon təşkilatının fəalı



