AnalitikaGündəmOrdu

Azərbaycan Ordusu: Tarixdən Zəfərə Uzanan Güc Yolunun Simvolu

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan bayramlardan biridir. Bu gün təkcə ordumuzun yaranma tarixini deyil, həm də xalqımızın müstəqillik uğrunda mübarizəsini, dövlətimizin gücünü və milli həmrəyliyini təcəssüm etdirir.

Azərbaycan Ordusunun formalaşması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır. Hələ sovet dövründə milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirən Ümummilli Lider gələcək müstəqil Azərbaycanın güclü orduya malik olması üçün möhkəm təməl yaratmışdır. Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması, azərbaycanlı gənclərin hərbi məktəblərə göndərilməsi həmin uzaqgörən siyasətin mühüm nəticələri idi.

Müstəqilliyin ilk illərində ölkəmiz ciddi təhlükələrlə üzləşmişdi. Nizami ordu quruculuğunda mövcud olan problemlər dövlətçiliyin taleyini risk altına salırdı. Xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə vahid komandanlığa tabe olan peşəkar ordu yaratmağa nail oldu. Bununla da Azərbaycanın təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunması istiqamətində yeni mərhələ başlandı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu keyfiyyətcə yeni inkişaf dövrünə qədəm qoydu. Müasir silah və texnikanın alınması, hərbi sənayenin yaradılması, beynəlxalq təcrübənin öyrənilməsi və hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi ordumuzun döyüş imkanlarını əhəmiyyətli dərəcədə artırdı.

Bu siyasətin ən parlaq nəticəsi 2020-ci ildə əldə olunan tarixi Zəfər oldu. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu yüksək peşəkarlıq, vətənpərvərlik və güclü döyüş ruhu nümayiş etdirərək işğal altındakı torpaqlarımızı azad etdi. 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri isə ölkəmizin suverenliyinin tam bərpasını təmin etdi.

Bu gün Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən biri olmaqla yanaşı, xalqımızın qürur mənbəyidir. Dövlətimizin müstəqilliyinin, təhlükəsizliyinin və gələcək inkişafının etibarlı təminatçısı olan Ordumuzun şanlı tarixi gələcək nəsillər üçün də vətənpərvərlik məktəbi olaraq qalacaqdır.

Samir Cabbarov,
Neft Kəmərləri İdarəsinin əməkdaşı 

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button