AnalitikaGündəmSiyasət

Azərbaycanın Şəhərsalma Siyasəti və Müasir İnkişaf Modeli

2026-cı ilin may ayında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq nüfuzunun və sürətli inkişafının daha bir göstəricisi oldu. Dünyanın 182 ölkəsindən 45 mindən artıq iştirakçının qatıldığı bu mötəbər tədbir şəhərsalma, memarlıq və dayanıqlı inkişaf məsələlərinin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıdı. Forum zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin şəhərsalma siyasəti, tarixi irsin qorunması və müasir inkişaf strategiyası haqqında geniş məlumat verdi.

Azərbaycan tarix boyu Şərqlə Qərbin qovuşduğu mühüm məkanlardan biri olub. Bu xüsusiyyət xüsusilə Bakının memarlıq simasında aydın hiss olunur. Bir tərəfdə qədim İçərişəhər, digər tərəfdə isə müasir göydələnlər və yeni urbanizasiya layihələri şəhərin unikallığını yaradır. Bakının qədim qala divarları, əsrlər boyu qorunub saxlanılan tarixi abidələri ilə yanaşı, müasir bulvarı, yeni parkları və müasir yaşayış kompleksləri şəhərin dinamik inkişafını nümayiş etdirir. Prezidentin çıxışında vurğuladığı kimi, qədimlklə yeniliyin harmoniyası Azərbaycanın şəhərsalma siyasətinin əsas istiqamətlərindən biridir.

Bu gün Azərbaycanda şəhərsalma yalnız paytaxt Bakı ilə məhdudlaşmır. Şamaxı, Gəncə Naxçıvan, Şəki, Qəbələ və Lahıc kimi qədim yaşayış məntəqələri həm tarixi irsi, həm də müasir inkişaf layihələri ilə diqqət çəkir. Şamaxıda yerləşən qədim məscid, Naxçıvandakı Möminə xatun türbəsi, Şəkidəki tarixi abidələr və Lahıcın əsrlər əvvəl qurulmuş kanalizasiya sistemi xalqımızın yüksək memarlıq mədəniyyətinə malik olduğunu göstərir. Azərbaycan xalqı yalnız musiqisi və ədəbiyyatı ilə deyil, həm də zəngin memarlıq irsi ilə fəxr edir.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması dövlətin bu sahəyə verdiyi önəmin göstəricisidir. Son illərdə Azərbaycanda şəhərlərin abadlaşdırılması, yeni yaşayış komplekslərinin salınması, parkların və ictimai məkanların yaradılması istiqamətində mühüm işlər görülüb. Xüsusilə Bakıda həyata keçirilən layihələr şəhərin simasını tamamilə dəyişib. Vaxtilə ekoloji baxımdan çirklənmiş hesab olunan “Qara şəhər” ərazisinin müasir “Ağ şəhər” layihəsinə çevrilməsi urbanizasiya sahəsində uğurlu nümunələrdən biridir. Yeni parklar, metro xətləri, elektrik avtobusları insanların rahatlığını təmin etməyə xidmət edir.

Prezident İlham Əliyevin çıxışında Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması məsələsi xüsusi yer tutdu. Otuz ilə yaxın işğal altında qalan bu ərazilər tamamilə dağıdılmış vəziyyətdə idi. Ağdam şəhərinin “Qafqazın Xirosiması” adlandırılması dağıntının miqyasını göstərir. Hazırda isə həmin torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Yeni yollar, tunellər, körpülər, məktəblər, xəstəxanalar, yaşayış binaları və hava limanları inşa olunur. Böyük Qayıdış Proqramı çərçivəsində minlərlə insan doğma torpaqlarına geri dönür və yeni həyat qurur.

Şəhərsalma siyasətində əsas məqsədlərdən biri insanların rahat və təhlükəsiz mühitdə yaşamasını təmin etməkdir. Bunun üçün yalnız binaların tikilməsi kifayət etmir. Eyni zamanda məşğulluğun təmin olunması, sənaye zonalarının yaradılması və ekoloji balansın qorunması da vacibdir. Azərbaycanda həyata keçirilən layihələrdə bu məsələlərə xüsusi diqqət yetirilir.

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun əsas əhəmiyyəti də məhz beynəlxalq təcrübə mübadiləsinin aparılmasıdır. Müxtəlif ölkələrdən gələn mütəxəssislər şəhərsalma sahəsində yeni yanaşmaları müzakirə edir, uğurlu layihələri bölüşür və gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçirirlər. Bu forum Azərbaycanın beynəlxalq arenada artan rolunu və şəhərsalma sahəsində əldə etdiyi nailiyyətləri bir daha nümayiş etdirdi.

Nəticə etibarilə, Azərbaycan həm tarixi irsini qoruyan, həm də müasir şəhərsalma prinsiplərini tətbiq edən ölkə kimi inkişaf edir. Dövlət tərəfindən həyata keçirilən layihələr insanların rifahının yüksəldilməsinə, şəhərlərin daha rahat və ekoloji cəhətdən dayanıqlı olmasına xidmət edir. Gələcək illərdə də Azərbaycanın şəhərsalma və memarlıq sahəsində mühüm uğurlar qazanacağı gözlənilir.

Mustafazadə Gülnar,
Xəzər rayonu 181 №li məktəbin tarix müəllimi

 

 

 

 

Oxşar Xəbərlər

Back to top button