
“Azərbaycan xalqı üçün 28 May tarixi mühüm əhəmiyyət kəsb edən tarixlərdən biridir. Çünki bu gün xalqımızın azadlıq arzularının gerçəyə çevrildiyi, müstəqil dövlət qurmaq iradəsinin bütün dünyaya nümayiş etdirildiyi gündür. XX əsrin əvvəllərində mürəkkəb siyasi hadisələrin baş verdiyi bir dövrdə Azərbaycan xalqı böyük cəsarət və qətiyyət göstərərək müstəqil dövlət yaratmağa nail oldu. Bu addım bütün Şərq dünyası üçün mühüm hadisə idi. Həmin dövrdə xalqımız sübut etdi ki, müasir dövlət idarəçiliyi qurmaq, demokratik dəyərləri tətbiq etmək və milli maraqları qorumaq gücünə malikdir”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, tarix göstərir ki, müstəqillik qazanmaq nə qədər çətindirsə, onu qorumaq ondan da böyük məsuliyyət tələb edir. Azərbaycan da müxtəlif dövrlərdə bu sınaqlarla qarşılaşıb. Xüsusilə ölkənin mürəkkəb siyasi vəziyyətlə üzləşdiyi bir zamanda Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət dövlətçiliyin möhkəmlənməsində mühüm rol oynadı. Onun uzaqgörən qərarları ölkədə sabitliyin yaranmasına, xalqla dövlət arasında birliyin daha da güclənməsinə səbəb oldu. Dövlətçilik ideyasının qorunması və milli maraqların üstün tutulması həmin siyasətin əsas istiqamətlərindən biri idi.
“Bu siyasi xətt sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi inkişafın genişlənməsi və ölkənin güclənməsi həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi kimi qiymətləndirilir. Azərbaycanın əldə etdiyi uğurlar göstərdi ki, güclü dövlət quruculuğu yalnız iqtisadi inkişafla deyil, həm də xalqın birlik ruhu və dövlətə olan bağlılığı ilə mümkündür”.
Onun sözlərinə görə, bu gün Azərbaycanın üçrəngli bayrağı qürurla dalğalanırsa, bunun arxasında uzun illərin zəhməti, mübarizəsi və xalqın sarsılmaz iradəsi dayanır. Müstəqillik bizim üçün milli qürur, mənəvi dəyər və gələcək nəsillərə ötürüləcək ən qiymətli mirasdır. Bilmək lazımdır ki, güclü dövlət ilk növbədə tarixini sevən, milli dəyərlərinə sahib çıxan və gələcəyinə inanan vətəndaşlar üzərində qurulur. Azərbaycanın keçdiyi yol da göstərir ki, birlik və Vətən sevgisi olan xalqın müstəqilliyi daim yaşayacaq.



