
28 May Azərbaycan xalqının tarixində ən əlamətdar və qürurverici günlərdən biridir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edilmiş və bununla da xalqımız Şərqdə ilk demokratik, hüquqi və parlamentli respublikanı yaratmışdır. Bu tarixi hadisə Azərbaycan dövlətçilik tarixinin ən mühüm mərhələlərindən biri hesab olunur.
Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb siyasi şəraitdə fəaliyyət göstərsə də, qısa müddət ərzində mühüm addımlar atmışdır. Dövlət atributları — bayraq, gerb və himn təsis edilmiş, milli ordu yaradılmış, təhsil və dövlət idarəçiliyi sahəsində islahatlar həyata keçirilmişdir. Cümhuriyyət dövründə qadınlara seçki hüququnun verilməsi həmin dövr üçün böyük demokratik yenilik idi və Azərbaycanı bir çox Avropa ölkələrindən önə çıxarırdı.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynamışdır. 1920-ci ildə sovet işğalı nəticəsində Cümhuriyyətin fəaliyyəti dayandırılsa da, xalqın müstəqillik arzusu heç vaxt sönməmişdir.
1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa edərək Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan etmişdir. 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa etsə də, ölkə ciddi siyasi və iqtisadi çətinliklərlə üzləşmişdi. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və uzaqgörən siyasəti nəticəsində dövlətçiliyimiz qorunmuş, ölkədə sabitlik və inkişaf təmin edilmişdir. Bu gün Azərbaycan müstəqil, güclü və beynəlxalq arenada nüfuzlu dövlət kimi inkişafını davam etdirir.
28 May – Müstəqillik Günü xalqımızın azadlıq ruhunun, milli birliyinin və dövlətçilik iradəsinin rəmzidir. Bu əlamətdar gün hər bir azərbaycanlı üçün böyük qürur mənbəyidir və gələcək nəsillərə müstəqilliyin dəyərini xatırladır.
Rauf Ağayev,
YAP Nizami rayon təşkilatının fəalı



