AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyev Azərbaycanın şəhərsalma sahəsində uğurlarını beynəlxalq platformada təqdim etdi

Mayın 18-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Forumun açılışında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax da yer alaraq dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıb.

Açılış mərasimindən sonra iştirakçılar birgə foto çəkdirib, daha sonra UN-Habitat tərəfindən hazırlanmış WUF13-ə həsr olunan videoçarx nümayiş etdirilib və mədəni proqram təqdim olunub.

Prezident İlham Əliyev çıxışında Ümumdünya Şəhərsalma Forumunun iştirakçılarını salamlayaraq tədbirin Bakıda keçirilməsini yüksək qiymətləndirib. Dövlət başçısı qeyd edib ki, forumda 182 ölkədən 45 mindən çox iştirakçının qeydiyyatdan keçməsi tədbirin beynəlxalq miqyasını və əhəmiyyətini göstərir. Prezident bildirib ki, bu forum COP29-dan sonra Azərbaycanda keçirilən ən böyük beynəlxalq tədbirlərdən biridir.

Prezident İlham Əliyev 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin ölkədə şəhər inkişafına verilən önəmin göstəricisi olduğunu bildirib. O, UN-Habitat ilə əməkdaşlıq çərçivəsində Ağdam, Zəngilan və Xankəndidə keçirilən şəhərsalma forumlarını da xatırladıb.

Dövlət başçısı Azərbaycanın coğrafi mövqeyinə diqqət çəkərək ölkənin tarixən Şərqlə Qərbin qovuşduğu məkan olduğunu qeyd edib. Prezident bildirib ki, bu xüsusiyyət Bakı şəhərinin memarlığında da özünü göstərir: İçərişəhərin qədimliyi ilə müasir şəhərsalma nümunələri yan-yana inkişaf edir. Prezident Bakı Bulvarının genişlənməsi, XIX əsr memarlıq nümunələri və müasir urbanistik layihələrin şəhərin simasında yaratdığı harmoniyanı xüsusi vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın müxtəlif bölgələrindəki tarixi-mədəni irs nümunələrini qeyd edərək Şamaxı, Naxçıvan, Gəncə, Qəbələ, Şəki və Lahıc kimi məkanların şəhərsalma və memarlıq baxımından əhəmiyyətini diqqətə çatdırıb. O, Qarabağın bərpası və Şuşanın yenidən qurulmasını da xüsusi vurğulayıb. Dövlət başçısı bildirib ki, Azərbaycanın əsas məqsədi tarixi irsi qorumaqla yanaşı, müasir və dayanıqlı şəhərlər qurmaqdır.

Çıxışda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa işlərindən də bəhs olunub. Prezident qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələri – yollar, körpülər, hava limanları, məktəblər və xəstəxanalar sürətlə inşa olunur. Prezident İlham Əliyev bildirib ki, Böyük Qayıdış Proqramı çərçivəsində artıq on minlərlə insan doğma torpaqlarına qayıdaraq yeni yaradılan şəhər və kəndlərdə yaşayır və işləyir.

Prezident Bakıda həyata keçirilən ekoloji və şəhərsalma layihələrinə də toxunub. O, qeyd edib ki, keçmişdə ciddi ekoloji problemlərlə üzləşən şəhər bu gün geniş yaşıllaşdırma və modernləşmə layihələri ilə yeni sima qazanıb. Son illərdə yaradılan parklar, ictimai məkanlar, nəqliyyat infrastrukturunun yenilənməsi və müasir yaşayış layihələri Bakını regionun ən sürətlə inkişaf edən şəhərlərindən birinə çevirib.

Dövlət başçısı çıxışının sonunda beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayaraq forumun təcrübə mübadiləsi və şəhərsalma sahəsində yeni ideyaların paylaşılması üçün mühüm platforma olduğunu qeyd edib. Prezident İlham Əliyev WUF13 iştirakçılarına uğurlar arzulayaraq tədbirin qlobal şəhərsalma gündəliyinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Mirsadıq Səməndərli,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

 

 

Oxşar Xəbərlər

Back to top button