
2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq nüfuzunu və şəhərsalma sahəsində qazandığı uğurları bir daha nümayiş etdirdi. Forumun açılış mərasimində çıxış edən İlham Əliyev Azərbaycanın müasir inkişaf modelini, tarixi irsə bağlılığını və gələcək şəhərsalma strategiyasını geniş şəkildə təqdim etdi. Prezidentin çıxışı həm iştirakçılar, həm də beynəlxalq təşkilatlar tərəfindən böyük maraqla qarşılandı.
Prezident İlham Əliyev çıxışında forumun miqyasına xüsusi diqqət çəkərək bildirdi ki, tədbirdə 182 ölkədən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib. Dövlət başçısı bunu Azərbaycanın beynəlxalq əməkdaşlıq platforması kimi artan rolunun göstəricisi kimi qiymətləndirdi. O vurğuladı ki, bu forum, 2024-cü ildə Azərbaycanda keçirilmiş COP29-dan sonra ölkədə təşkil olunan ikinci ən böyük beynəlxalq tədbirdir. Prezident İlham Əliyev ümid etdiyini bildirdi ki, Ümumdünya Şəhərsalma Forumunun nəticələri də COP29 qədər uğurlu olacaq və burada qəbul olunan qərarlar qlobal şəhərsalma siyasətinə mühüm töhfələr verəcək.
Çıxış zamanı Prezident İlham Əliyev Azərbaycanın coğrafi və mədəni mövqeyinə də toxundu. O qeyd etdi ki, Azərbaycan tarix boyu Avropa ilə Asiyanın qovuşduğu məkan olub və bu xüsusiyyət ölkənin memarlığında da aydın şəkildə əks olunur. Prezident Bakı şəhərini qədimliklə müasirliyin vəhdətinin canlı nümunəsi kimi təqdim etdi. İçərişəhərin qədim divarlarından başlayaraq müasir göydələnlərə qədər uzanan memarlıq müxtəlifliyi Bakının özünəməxsus simasını formalaşdırır.
İlham Əliyev Bakı Bulvarının inkişafını xüsusi vurğuladı. O qeyd etdi ki, vaxtilə cəmi üç kilometr olan bulvar hazırda 15 kilometrdən artıq uzunluğa malik müasir dənizkənarı məkana çevrilib. Bununla yanaşı, XIX əsrdə Avropa memarları tərəfindən inşa edilmiş binaların qorunması və bərpası Azərbaycanın tarixi irsə göstərdiyi diqqətin nümunəsi kimi qiymətləndirildi. Prezident bildirdi ki, şəhərsalma siyasəti yalnız Bakı ilə məhdudlaşmır, ölkənin bütün bölgələrində genişmiqyaslı layihələr həyata keçirilir.
Dövlət başçısı 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin də təsadüfi olmadığını vurğuladı. Bu qərarın ölkədə şəhərsalma sahəsinə verilən strateji əhəmiyyətin göstəricisi olduğunu deyən Prezident İlham Əliyev Azərbaycanın müasir urbanizasiya proseslərini milli dəyərlərlə uzlaşdırmağa çalışdığını bildirdi. O qeyd etdi ki, şəhərlərin planlı inkişafı, ekoloji tarazlığın qorunması və insanların rahat yaşayışının təmin olunması dövlət siyasətinin əsas prioritetlərindəndir.
Prezident İlham Əliyev çıxışında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq və bərpa işlərinə də geniş yer ayırdı. O bildirdi ki, 2022-ci ildən etibarən BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində Ağdam, Zəngilan və Xankəndidə milli şəhərsalma forumları təşkil olunub. Bu şəhərlərdə aparılan yenidənqurma işləri “ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyalarına uyğun şəkildə həyata keçirilir. Prezident qeyd etdi ki, dağıdılmış ərazilərin yenidən qurulması yalnız infrastruktur layihəsi deyil, həm də tarixi ədalətin və milli qürurun bərpasıdır.
Forum çərçivəsində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın qlobal şəhərsalma gündəliyində fəal rol oynadığını bir daha nümayiş etdirdi. Dövlət başçısının səsləndirdiyi fikirlər şəhərlərin gələcək inkişafında tarixi irsin qorunması, müasir texnologiyaların tətbiqi və dayanıqlı inkişaf prinsiplərinin vacibliyini ön plana çıxardı. Bu çıxış həm də Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən, regional əməkdaşlığı təşviq edən və müasir şəhərsalma modelini dünyaya təqdim edən ölkə olduğunu bir daha təsdiqlədi.
Pərvin Cəfərli,
Yeni Azərbaycan Partiyası,məsləhətçi



