AnalitikaDünyaGündəmSiyasət

Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan regionda yeni siyasi düzənin əsas memarlarından biridir

Mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirildi. Dövlətimizin başçısı İlham Əliyevin tədbirdə videobağlantı formatında çıxışı hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Prezident İlham Əliyevin bir il öncə Tiranaya səfəri zamanı Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına dəstəyi, tarazlı yanaşmanın saxlanılması üçün növbəti tədbirlərdən birinin Azərbaycanda keçirilməsi təklifi və bunun qəbul edilməsi regionda dayanıqlı sülhün, təhlükəsizliyin diplomatik addımlarla möhkəmləndiyini bir daha təsdiqləyir. Ermənistan da “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün 2028-ci ildə Azərbaycanda keçirilməsini dəstəkləyib. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik”. Prezident İlham Əliyev bu toplantısındakı çıxışında sülhün regionda iqtisadi inteqrasiya və tranzit imkanlarının genişlənməsi üçün əsas amil olduğu bəyan edib. Dövlət başçısı Azərbaycan-Ermənistan arasında sülhün bərqərar olunduğunu, ABŞ prezidentinin iştirakı ilə Ağ Evdə imzalanan Birgə Bəyannaməni xatırladaraq, artıq iki ölkənin doqquz aydır sülh içərisində yaşadığını vurğulayıb.

Cənab Prezident bildirib ki, “Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub”.

Bildirilib ki, hələ 1990-cı illərin əvvəlindən Ermənistana Azərbaycandan tranzit məhdudiyyətləri tətbiq edilmişdi. Vaşinqton görüşlərindən sonra tranzit məhdudiyyətləri birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Əlavə olaraq Azərbaycan tərəfindən əlavə addımlar atılıb. Ölkəmiz ilk dəfə olaraq öz neft məhsullarını – benzin və dizeli Ermənistana təchiz etməyə başladı. Bununla da, iki ölkə arasında ticarət münasibətləri başladı. Bu vaxta qədər Azərbaycandan 12 min ton neft məhsulları Ermənistana ixrac edilib. Avropa Parlamenti İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra – 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sonuncu qətnamə isə Zirvə görüşünə cəmi 4 gün qalmış qəbul edilib. Cənab Prezidentin dediyi kimi “Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib”.

Bu əməllərə cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib.

Sonda ölkə başçısı bidirib ki, prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və ermənistanlı həmkarımın şərhləri bunu aydın şəkildə göstərir.

Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası,məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button