AnalitikaGündəmSiyasət

Azərbaycan Respublikası və İtaliya Respublikası arasında ikitərəfli münasibətlər

Azərbaycanın Avropa ölkələri ilə münasibətləri həm fərdi dövlətlər səviyyəsində, həm də beynəlxalq təşkilatlar çərçivəsində strateji və praqmatik xarakter daşıyır.

Avropanın əksər ölkələri Azərbaycan arasında münasibətlər daim müsbət istiqamətdə irəliləyib. Lakin İkinci Qarabağ müharibəsindən sonra Fransa başda olmaqla bir sıra Qərb ölkələrinin Azərbaycana qarşı mövqeyində kəskin dəyişiklik baş verib. Bəzi Avropa ölkələri Azərbaycana qarşı qərəzli çıxışlar edir, beynəlxalq platformalarda Ermənistana dəstək nümayiş etdirirlər.

İtaliya Avropa ölkələri arasında Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ölkələrdəndir. Azərbaycan İtaliyanın bu mövqeyini çox yüksək qiymətləndirir.

Mayasında qarşılıqlı hörmət, etimad və ortaq maraqlar olan bu münasibətlərin  yaranma  tarixinə nəzər salsaq görərik ki, Azərbaycan ilə İtaliya arasındakı müasir strateji tərəfdaşlığın tarixi kökləri Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) dövrünə dayanır. 1918-ci il mayın 28-də Rusiya imperiyasının süqutu, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə həm bölgədə, həm də beynəlxalq müstəvidə yeni siyasi münasibətlər dövrü başladı. Bu dövrün münasibətləri həm siyasi tanınma, həm də strateji hərbi-iqtisadi planlarla xarakterizə olunur.

İlk rəsmi siyasi təmaslar 1919-cu ilin yanvarında İstanbulda Azərbaycan nümayəndə heyəti (Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə) və İtaliyanın yerli diplomatik missiyası arasında qurulmuşdur. 1919-cu ilin yazında İngiltərə qoşunları Azərbaycanı tərk etməyə hazırlaşarkən, Antanta dövlətləri bölgədəki mandatın İtaliyaya verilməsini təklif etmişdilər. Lakin İtaliyada hökumət dəyişikliyi və daxili siyasi vəziyyət səbəbindən ordu göndərilməsi planı ləğv edilmiş, münasibətlər iqtisadi istiqamətə yönəlmişdi. 1920-ci ilin fevralında polkovnik Melxiade Qabbanın başçılığı ilə İtaliya Bakıda öz konsulluğunu və hərbi nümayəndəliyini açdı.

1920-ci ilin fevralında tərəflər arasında mühüm saziş imzalandı. Bu müqaviləyə əsasən, İtaliya Azərbaycana hərbi geyim, silah (o cümlədən sualtı qayıqlar, aeroplanlar və tanklar) verməli, Azərbaycan isə əvəzində neft ixrac etməli idi.  1920-ci ilin aprel işğalı ilə Azərbaycanın sovetləşməsi bu münasibətləri dondurdu. İki ölkə arasında Sovet İttifaqının yaranması ilə zəifləyən əlaqələr kino və musiqi vasitəsi ilə canlı mədəni əlaqələr şəklində mövcudluğunu davam etdirdi.Yeni müstəvidə əlaqələr yalnız 71 il sonra, SSRİ-nin süqutu ilə bərpa olundu.

1991-ci ildə müstəqilliyimizin bərpasından sonra 1 yanvar 1992-ci ildə İtaliya Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkələrindən biri oldu.

8 may 1992-ci ildə rəsmi diplomatik əlaqələr quruldu və qısa müddət sonra Bakıda İtaliya, Romada isə Azərbaycan səfirlikləri fəaliyyətə başladı.

Azərbaycanın o zamankı Baş naziri Həsən Həsənov 1991-ci ilin oktyabrında (müstəqilliyin elanından dərhal sonra) Romada işgüzar səfərdə olmuş, 1992-ci il yanvarın 1-də İtaliya Nazirlər Şurasının sədri CulioAndreotti ilə görüşmüşdür. Səfər çərçivəsində İtaliyanın nəhəng sənaye şirkətləri olan “Tecnimont” və “Fata” ilə Azərbaycanın sənaye infrastrukturunun qurulmasında “qabaqcıl” rolunu oynayacaq mühüm müqavilələr imzalanmışdır. 1992-ci ilin yanvarında Baş nazir Culio Andreotti ilə keçirilən rəsmi görüşlərdən sonra, sənaye sahəsindəki əməkdaşlığı icra etmək üçün həmin dövrdə İtaliyanın nüfuzlu Sənaye naziri olmuş Françesko Merloni və onun təmsil etdiyi sənaye qrupu ilə yaxın təmaslar qurulmuşdur.Merloni” şirkətlər qrupunun tərəfdaşlığı əsasında “Bakmil” (Bakı-Milan) birgə müəssisəsi yaradıldı. Bu, müstəqil Azərbaycanın ilk mühüm xarici investisiya layihələrindən biri idi. Bu uğurlu iqtisadi əməkdaşlığın rəmzi olaraq Bakı Metropoliteninin stansiyalarındanbirinə məhz “Bakmil” adı verilmişdir.

Beləliklə, iki ölkə arasında sıx siyasi və iqtisadi mübadilələrin uzun tarixi başlamışdır.

1994-cü ildə “Əsrin müqaviləsi”ndə İtaliyanın Eni (Agip) şirkətinin iştirakı ilə münasibətlər iqtisadi müstəvidə strateji xarakter almağa başladı.

1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyinin açılması diplomatik münasibətlərin institusional əsasını qoymuşdur.

Ümummilli Lider Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Səfər çərçivəsində gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirən  siyasi, iqtisadi, mədəni və texniki sahələri əhatə edən yeddi mühüm saziş imzalanıb.Məhz bu səfərdən sonra qarşılıqlı əlaqələrimiz dinamik şəkildə inkişaf edərək müxtəlif sahələrdə yeni təşəbbüslərin həyata keçirilməsinə zəmin yaratdı.

İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana etdiyi dövlət səfəri və ardınca Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 2018-ci ilin sentyabrında Azərbaycan Birinci vitse-prezidenti kimi həyata keçirdiyi ilk xarici səfəri və daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya ilk dövlət səfəri əlaqələrin yeni mərhələyə keçməsində mühüm rol oynadı. Xüsusilə, 2020-ci ilin fevralın 20-də Romada imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” iki ölkə arasında ən yüksək səviyyəli siyasi sənəd olmaqla növbəti illər ərzində münasibətlərin dərinləşdirilməsi üçün yol xəritəsini müəyyənləşdirmişdir.

Gələcək inkişafa və əməkdaşlığa fokuslanmış bu sənəd müxtəlif sahələrdə əlaqələrin sistemli və davamlı inkişafını təmin edən mühüm mexanizm rolunu oynamışdır.

İki ölkə arasında strateji tərəfdaşlığın güclənməsinin və diplomatik missiyanın müasir ehtiyaclarının qarşılanmasının göstəricisi kimi qiymətləndirilən bir məsələyə 23 oktyabr 2020-ci il tarixində İtaliyanın Azərbaycandakı Səfirliyi Bakıda Xaqani küçəsində “Landmark” biznes mərkəzində yerləşən yeni və daha geniş qərargahına köçməsidir. Maraqlıdır ki, təxminən bir əsr əvvəl – Azərbaycan Xalq Cümhuriyyəti dövründə İtaliya hökumətinin Bakıya göndərdiyi ilk diplomatik missiya da məhz bu küçədə fəaliyyət göstərmişdi.

8 noyabr 2022-ci il tarixində İtaliyada Azərbaycanın Romadakı Səfirliyinin yeni binasının və Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı reallaşdı.

Azərbaycanın İtaliya ilə çoxşaxəli diplomatik və iqtisadi münasibətləri ilə yanaşı təhsil və mədəniyyət sahəsində əlaqələr də genişlənmişdir. Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ADA Universitetinin bazasında yaradılan İtaliya-Azərbaycan Universiteti müştərək təhsil müəssisəsi iki ölkə arasında təhsil və elm sahəsindəki əlaqələrin ən mühüm layihələrindən biridir. Heydər Əliyev Fondunun dəstəyi ilə İtaliyanın paytaxtı Roma şəhərinin cənub-şərq hissəsində, qədim Via Labicanayolu üzərində yerləşən Müqəddəs MarçellinioPietrokatakombaları kimi bir sıra tarixi abidələrin bərpası, Vatikanda dəyərli əsərlərin qorunması, gələcək nəsillər üçün saxlanılması istiqamətindəki səyləri mədəni dünya tərəfindən çox yüksək qiymətləndirilmiş və xalqlar arasındakı rəğbəti daha da artırmışdır.

İtaliya Azərbaycanın, eləcə də Azərbaycan İtaliyanın Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin təqribən 95 % Azərbaycanın payına düşür və Azərbaycan Cənub Qafqazda italyan məhsullarının əsas idxalatçısıdır. Uzun illərdir Azərbaycan İtaliya üçün ən böyük xam neft tədarükçüsüdür. Cənub Qaz Dəhlizinin seqmentlərindən biri olan Trans-Adriatik qaz kəmərinin (TAP) istifadəyə verilməsi ilə Azərbaycan Avropada qaz təchizatında etibarlı tərəfdaşa, İtaliya üçün isə üçüncü ən böyük təbii qaz tədarükçüsünə çevrilib.Azərbaycanda neft-qaz sektoru ilə yanaşı, kənd təsərrüfatı, toxuculuq və dizayn sahələrində də bir çox İtaliya şirkəti fəaliyyət göstərir.

Azərbaycan ilə İtaliya arasında strateji əməkdaşlıqdərinləşir. Hazırda iki ölkə arasında 2026-2027-ci illər üzrə 73 fəaliyyəti əhatə edən genişmiqyaslı Fəaliyyət Planı icra olunmaqdadır.

2026-cı il mayın 4-də baş tutmuş İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana işgüzar səfəri hər iki ölkə arasında strateji tərəfdaşlığı daha da möhkəmləndirəcək məqsədyönlü fəaliyyət nəticəsində çoxşaxəlietibarlı, davamlı və qarşılıqlı faydalı əməkdaşlıq mühiti yaradılacaq.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə  milli maraqların qorunması, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və uzunmüddətli strateji hədəflərin müəyyən edilməsi ilə Azərbaycan-İtaliya münasibətləri intensiv və yüksələn xətt üzrə inkişaf edəcək.

Sevinc Rəsulova
Yeni Azərbaycan Partiyası Bakı Şəhəri üzrə Təhsil İdarəsi İlk Partiya Təşkilatının sədri

 

Oxşar Xəbərlər

Back to top button