
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa çempionatında möhtəşəm qələbə qazanaraq komanda hesabında birinci olan milli güləşçilərlə görüşü zamanı ölkə idmanının əldə etdiyi uğurları yüksək qiymətləndirib. Bu görüş təkcə idman nailiyyətlərinin qeyd olunması deyil, həm də Azərbaycanın idman sahəsində keçdiyi inkişaf yolunun bir daha nümayişi kimi yadda qalıb.
Tiranada keçirilən Avropa çempionatında qazanılan bu böyük qələbə, sözsüz ki, yalnız idmançıların deyil, bütün xalqın sevincinə səbəb olub. Prezident öz çıxışında vurğulayıb ki, Azərbaycan güləşçiləri hər zaman olduğu kimi bu yarışda da peşəkarlıqlarını, iradələrini və qələbə əzmlərini ortaya qoyaraq Avropada lider olduqlarını bir daha sübut ediblər. Müasir dövrdə güləş kimi rəqabətin son dərəcə gərgin olduğu bir idman növündə bu cür nəticə əldə etmək, həqiqətən də böyük nailiyyət hesab olunur.
Azərbaycan güləş məktəbinin zəngin ənənələrə malik olduğunu qeyd edən dövlət başçısı bildirib ki, bu ənənələr bu gün də uğurla davam etdirilir. Xüsusilə sevindirici haldır ki, təcrübəli idmançılarla yanaşı, gənc güləşçilər də beynəlxalq arenada yüksək nəticələr göstərirlər. Bu isə ölkədə məşq və seleksiya sisteminin düzgün qurulduğunu bir daha təsdiqləyir. Nəsillər dəyişsə də, Azərbaycan idmanının uğurları dəyişməz qalır və bu davamlılıq gələcək üçün də böyük ümidlər yaradır.
Prezident çıxışında idmanın cəmiyyət həyatındakı roluna da toxunaraq qeyd edib ki, idman uğurları gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına mühüm təsir göstərir. Azərbaycan bayrağının beynəlxalq arenada yüksəlməsi hər bir vətəndaş üçün qürur mənbəyidir və bu qüruru xalqımıza bəxş edən məhz idmançılarımızdır.
Görüş zamanı diqqət çəkən məqamlardan biri də qadın güləşinin inkişafı ilə bağlı səsləndirilən fikirlər olub. Prezident əminliklə bildirib ki, yaxın gələcəkdə qadın güləşçilərimiz də daha çox qızıl medallar qazanacaq və bu sahədə uğurların davamı təmin olunacaq. Bu, ölkədə idmana göstərilən diqqət və qayğının nəticəsi kimi qiymətləndirilir.
Bununla yanaşı, idmançıların yalnız yarış meydanında deyil, gündəlik həyatda da nümunəvi davranış nümayiş etdirmələrinin vacibliyi xüsusi vurğulanıb. Çempionların yüksək mənəvi keyfiyyətlərə sahib olması, onların cəmiyyət üçün örnək rolunu daha da gücləndirir. Azərbaycan idmançılarının bu baxımdan seçilməsi isə ölkə idmanının ən mühüm üstünlüklərindən biri kimi qeyd olunub.
Ümumilikdə, bu görüş bir daha göstərdi ki, Azərbaycan idmanı yalnız bugünkü uğurlarla kifayətlənmir, eyni zamanda gələcəyə də inamla addımlayır. Qazanılan nailiyyətlər dövlətin idmana göstərdiyi diqqət və qayğının, eləcə də idmançıların əzmkarlığının parlaq nəticəsidir. Azərbaycan güləşçilərinin Avropa çempionatındakı tarixi qələbəsi isə ölkə idmanının yüksəliş yolunun davam etdiyini bir daha sübut edir.
Abbasova Aysu,
Bakı Slavyan universiteti,
Xarici Dil Müəllimliyi fakultəsi



