
Məlum olduğu kimi, aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.
Görüşdə dövlətimizin başçısı güləşçilərimizin Avropa çempionatında komanda hesabında qazandıqları qələbə münasibətilə onları təbrik edib. Ölkə rəhbəri bildirib ki, güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. Dövlətimizin başçısı bildirib: “Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulub”.
Prezident İlham Əliyev gülşçilərimiz və onların məşçiləri ilə görüşdə qeyd edib ki, “hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir”.
Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Dövlətimiz məqsədyönlü siyasətini ardıcıl şəkildə aparır. Prezident İlham Əliyev bu siyasətə imkan yaradan amillər haqqında çıxışlarının birində demişdir: “Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında.”
Dünyada idman sahəsində rəqabətin artdığı bir dövrdə Azərbaycan idmançılarının yüzlərlə medal qazanması ölkəmizin daxilində idman və gənclər siyasətinin nə qədər dolğun aparıldığını isbat edir. Bu diqqət və qayğı idmançılar üçün güclü motivasiya mənbəyi olmaqla yanaşı, gənc nəsildə idmana marağı artırır və qalibiyyət ruhunu möhkəmləndirir.
Qeyd edək ki, Prezident İlham Əliyevin idmana verdiyi önəm idman infrastrukturlarının yaradılması və mövcud obyektlərin modernləşdirilməsi ilə də özünü göstərir. Bakı və regionlarda müasir idman komplekslərinin açılışı, yerli və beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu daha da artırır. Bunun nəticəsində Azərbaycan artıq təkcə idman uğurları ilə deyil, həm də beynəlxalq idman tədbirlərinə ev sahibliyi edən etibarlı tərəfdaş kimi tanınır.
Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



