
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2026-cı il aprelin 27-də Azərbaycannda rəsmi səfərdə olan Andrey Babiš ilə keçirilmiş görüşdən sonra mətbuata verilmiş bəyanat Azərbaycan Respublikasının xarici siyasət kursunun ardıcıllığını, beynəlxalq əməkdaşlıq strategiyasının uğurlarını və Avropa dövlətləri ilə münasibətlərin inkişafına verilən önəmi bir daha nümayiş etdirmişdir. Sözügedən səfər Azərbaycan ilə Çex Respublikası arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, siyasi dialoqun genişləndirilməsi və iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycan ilə Çexiya arasında əlaqələrin qarşılıqlı hörmət, etimad və faydalı əməkdaşlıq prinsipləri əsasında inkişaf etdiyini vurğulamışdır. Qeyd edilmişdir ki, iki ölkə arasında siyasi münasibətlər yüksək səviyyədədir və mütəmadi qarşılıqlı səfərlər, keçirilən görüşlər bu əlaqələrin davamlı inkişafına xidmət edir. Dövlət başçısı bildirmişdir ki, Azərbaycan Avropa ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir və Çexiya bu istiqamətdə etibarlı tərəfdaşlardan biridir.Bəyanatda siyasi münasibətlərlə yanaşı, iqtisadi əməkdaşlıq məsələləri də geniş yer almışdır.
Prezident İlham Əliyev qeyd etmişdir ki, son illər Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində mühüm addımlar atılmış, qeyri-neft sektorunun inkişafı prioritet istiqamət kimi müəyyən edilmişdir. Bu baxımdan Çexiya şirkətlərinin Azərbaycanın sənaye, kənd təsərrüfatı, nəqliyyat, yüksək texnologiyalar və infrastruktur layihələrində iştirakı üçün geniş imkanlar mövcuddur. Dövlət başçısı Azərbaycan Respublikasında yaradılmış əlverişli investisiya mühitinin xarici tərəfdaşlar üçün yeni perspektivlər açdığını xüsusi vurğulamışdır. Enerji sahəsində əməkdaşlıq bəyanatın əsas istiqamətlərindən biri olmuşdur. Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını bildirmişdir.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən beynəlxalq enerji layihələri Avropa dövlətlərinin enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir. Dövlət başçısı vurğulamışdır ki, Çexiya ilə enerji sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün ciddi perspektivlər mövcuddur. Bu əməkdaşlıq həm iqtisadi maraqlara, həm də regional sabitliyə xidmət edən mühüm amildir.
Prezident İlham Əliyev nəqliyyat-logistika sahəsində əməkdaşlıq məsələlərinə də toxunmuşdur. Bildirilmişdir ki, Azərbaycanın yerləşdiyi əlverişli geosiyasi mövqe ölkəmizi Avropa ilə Asiyanı birləşdirən mühüm tranzit mərkəzinə çevirmişdir. Son illər ölkəmizdə həyata keçirilmiş irimiqyaslı nəqliyyat və infrastruktur layihələri beynəlxalq yükdaşımaların həcmini artırmışdır. Bu imkanlar Çexiya ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün əlavə üstünlüklər yaradır. Təhsil, elm, mədəniyyət və turizm sahələrində münasibətlərin inkişaf etdirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Xalqlar arasında əlaqələrin genişlənməsi dövlətlərarası münasibətlərin davamlı və möhkəm əsaslar üzərində qurulmasına mühüm töhfə verir. Azərbaycan Respublikası beynəlxalq humanitar əməkdaşlığın inkişafına daim xüsusi diqqət yetirir. Azərbaycan Respublikasının həyata keçirdiyi müstəqil xarici siyasət kursu beynəlxalq aləmdə böyük hörmət qazanmışdır.
Müxtəlif dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurulması Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırmışdır. Çexiya ilə münasibətlərin inkişafı da bu siyasətin uğurlu nəticələrindən biridir.
Azər Ağayev YAP Tərtər rayon təşkilatının sədr müavini



