
Azərbaycanın siyasi-ideoloji və mənəvi təfəkkür sistemində Heydər Əliyev irsi milli dövlətçilik və humanizm prinsiplərinin üzvi vəhdətini təşkil edir. Bu irsin ən parlaq səhifələrindən biri akademik Zərifə xanım Əliyevanın ictimai-elmi statusuna və onun mənəvi simasına verilən fundamental qiymətdir.
Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında: “Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi”
Heydər Əliyev Zərifə Əliyeva haqqında danışarkən onun şəxsiyyətində mövcud olan yüksək insani keyfiyyətləri, mənəvi zənginliyi və insanlara olan dərin sevgini xüsusi vurğulamışdır. Onun fikrincə, Zərifə xanım təkcə görkəmli alim deyil, həm də ətrafındakı insanlara daim ümid və inam bəxş edən, səmimiyyəti və qayğıkeşliyi ilə seçilən nadir şəxsiyyətlərdən biri idi. O, insanlarla münasibətdə həmişə sadəliyi, təvazökarlığı və yüksək mədəniyyəti ilə fərqlənmişdir. Heydər Əliyev Zərifə Əliyevanı yüksək peşəkarlığa malik alim kimi dəyərləndirməklə yanaşı, onun mənəvi dünyasını da xüsusi qeyd etmişdir. Onun fikrincə, Zərifə xanımın həyat yolu elmə, insanlığa və cəmiyyətə xidmət nümunəsidir. O, öz fəaliyyətində daim insanpərvərlik, mərhəmət, vicdanlılıq və məsuliyyət kimi dəyərləri ön planda saxlamışdır. Bu keyfiyyətlər onu təkcə elmi dairələrdə deyil, geniş ictimaiyyətdə də sevilən və hörmət edilən bir şəxsiyyətə çevirmişdir. Heydər Əliyevin çıxışlarında Zərifə Əliyevanin ailə mühitində də nümunəvi insan olduğu xüsusi qeyd olunmuşdur. O, həm qayğıkeş həyat yoldaşı, həm də fədakar ana kimi yüksək mənəvi dəyərlərə sahib idi. Onun ailəsinə olan bağlılığı, eyni zamanda işinə olan məsuliyyətli münasibəti onun şəxsiyyətinin bütövlüyünü göstərirdi. Bu xüsusiyyətlər onu Azərbaycan cəmiyyətində örnək bir qadın obrazına çevirmişdir. Heydər Əliyevnin fikirlərinə görə, Zərifə Əliyevanin fəaliyyəti Azərbaycan tibb elminin inkişafında mühüm mərhələ təşkil etmişdir. Onun oftalmologiya sahəsində apardığı tədqiqatlar, yaratdığı elmi məktəb və yetişdirdiyi kadrlar bu gün də öz aktuallığını qoruyur. O, elmin inkişafını yalnız nəzəri deyil, həm də praktik baxımdan zənginləşdirən alimlərdən biri kimi qiymətləndirilir.
Belə ki, Zərifə Əliyeva oftalmologiya sahəsində apardığı fundamental tədqiqatlarla böyük nüfuz qazanmışdır. Onun əsas elmi istiqamətlərindən biri istehsalatla bağlı göz xəstəliklərinin öyrənilməsi olmuşdur. Xüsusilə kimya sənayesində çalışan işçilərdə rast gəlinən göz patologiyalarının diaqnostikası və profilaktikası sahəsində apardığı tədqiqatlar mühüm əhəmiyyət kəsb etmişdir.
Alimin elmi əsərləri arasında gözün peşə xəstəlikləri, onların qarşısının alınması və müalicə üsullarına dair çoxsaylı monoqrafiyalar və məqalələr yer alır. O, ilk dəfə olaraq Azərbaycanda peşə oftalmologiyasının elmi əsaslarını formalaşdırmışdır. Bu istiqamətdə apardığı tədqiqatlar beynəlxalq səviyyədə də yüksək qiymətləndirilmişdir.
Eyni zamanda, Heydər Əliyev Zərifə Əliyevanın cəmiyyətə olan münasibətini də yüksək dəyərləndirmişdir. Onun insanlara qarşı həssaslığı, xəstələrə göstərdiyi diqqət və qayğı, eləcə də tələbələrinə verdiyi dəyər onu fərqləndirən əsas xüsusiyyətlərdən biri olmuşdur. O, hər zaman insanlara kömək etməyi özünün mənəvi borcu hesab etmişdir. Bu fikirlər Zərifə Əliyevanin Azərbaycan cəmiyyətində nə qədər böyük hörmət qazandığını və onun xatirəsinin bu gün də ehtiramla yad olunduğunu bir daha sübut edir. Heydər Əliyevnin söylədiyi bu dəyərləndirmələr həm də gələcək nəsillər üçün mənəvi bir örnək kimi əhəmiyyət daşiyır.
İbrahimova Sayalı Yolçu qızı
Bakı Slavyan Universiteti,
Tibbi biliklərin əsasları və MM” kafedrasının baş müəllimi


