AnalitikaGündəmSosial

Unudulmuş Duyğular Əsri

Bu, təkcə bir zamanın adı deyil, incəsənətin, musiqinin və ədəbiyyatın susaraq danışdığı bir dövrün rəmzidir. Bu əsrdə rəssamlar kətana sığdıra bilmədikləri hissləri kölgələrə gizlədiblər, yazıçılar sözlərin arasında qalan boşluqlarla insan ruhunun ən dərin qatlarını açıblar, musiqi isə heç vaxt deyilməyənləri səslə ifadə edib. Burada hər bir not, hər bir cümlə, hər bir rəng — unudulmuş duyğuların izidir. Elə bu səbəbdən də bu dövrün hər bir əsəri insanın daxilində gizlənən hissləri oyatmağa qadirdir.

Unudulmuş Duyğular Əsrində seçilən ən gözəl musiqilərdən biri də Sara Qədimovanın “Küsüb getdi” mahnısıdır. Hər zaman bu mahnının başlanğıc notlarını dinləyəndə qəribə bir dejavu hissi keçirirəm: sanki heç bir zaman olmadığım, amma yaxınlarımın bütün xatirələrinin dəfn olunduğu bir evdəyəm, elə bir evdir ki, artıq orda yaşayanlara nə toxuna bilirəm, nə də içindən onların səsini eşidə bilirəm.

Sözləri sanki illərlə yarımçıq qalmış həsrətdə donub qalan sevgiləri, itkiləri və sonsuz düşüncələri xatırladır. Bəlkə də illər öncə bu mahnını dinləyəndə diqqətimi ilk çəkən elə bu misra olub: “Axı niyə öz eşqimi düz demədim mən yara?” Görən, neçə insan həqiqətən hisslərini etiraf etmədən qara torpağa gömülüb? Görən, nə qədər deyilə bilməyən sözləridə özü ilə aparıb? Bu suallar dinləyicinin daxilində dərin bir ağrı yaradır və hər kəsi öz keçmişi ilə üz-üzə qoyur. Bəs səslənsəydi həmin duyğular, necə olardı keçən illər? Bu suallardan biri isə mahnı sözlərinin müəllifi Aslan Aslanova məxsusdur: “Görən, haçan bir də yarım qapımızdan keçəcək? ”Heç vaxt, bəlkə də, geri qayıtmayacaq bir insanın yolunu gözləmək… Sonsuz bir ümidlə yaşamaq… Ümid elə bir hissdir ki, insanı həm yaşadır, həm də ən dərin şəkildə yaralayır. Bəzən insanı ayaqda saxlayan da odur, məhv edən də. Bu misraların dərinliyini yaxınlarımı itirdikdən sonra daha aydın hiss etdim. Sevdiklərimə demək istədiyim sözləri deyə bilmədən onları itirmək, insanın daxilində sağalmaz bir boşluq yaradır. Hər gecə bəlkə yuxumda görüşə bilərik ümidi ilə yaşamaq, hər saniyə onları qəlbimdə hiss etmək — bu duyğular məni bu mahnıya daha da yaxınlaşdırdı. Elə buna görə də bu mahnını özümə bu qədər doğma hesab edirəm. Hər saniyə düşünürəm ki, axı bir cümləlik cəsarət, bir ömürlük peşmanlığı xilas edə bilərdi.

Sara Qədimova bu hissləri elə bir ustalıqla ifa edir ki, hər bir misra dinləyicinin qəlbində iz buraxır: “Ürəyimi saldı mənim bir sağalmaz yaraya.” Bu misra sanki yarım qalan hekayələrin, deyilməmiş sözlərin və gecikmiş etirafların ümumiləşmiş sədasıdır. Bəs qarşı tərəfi düşünsək? Onlara sonuncu suallarımızı vermək imkanı olsaydı, nə soruşardıq? Aslan Aslanov bu hissi də unutmur: “Bəlkə indi qəm içində baxır o da yollara.”

Bəzən bağışlamadığımız insanlar, ya da özümüzü bağışlatmadığımız anlar yaddaşımızda ən ağır izləri buraxır. Onlar son dəfə bağışlanmaq istədilərmi, yoxsa bağışlamaq? Bəlkə də gedənlərin daxilində də yarım qalan ümidlər, deyilməmiş sözlər var idi və həmin sözlər əbədi səssizliyə məhkum oldu.

Bütün bu duyğuları bir neçə misraya sığdıra bilən Aslan Aslanov və bu hissləri ruhumuza çatdıran Sara Qədimova sonsuz alqışa layiqdirlər. Onların yaradıcılığı Azərbaycan musiqisinin ən dərin qatlarını əks etdirir və “Unudulmuş Duyğular Əsri”nin ən təsirli parçalarından birini bizə bəxş edir.

Bu mahnı sadəcə dinlənilmir — o, yaşanır, hiss olunur və uzun müddət insanın qəlbində qalır.

Zivərxanım Məmmədova Murad,
Linguist və şairə

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button