
Martın 12-də Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.
Dövlət başçısı çıxışında müasir dövrdə dünyada müşahidə olunan geosiyasi gərginliklərin, münaqişələrin və qlobal çağırışların beynəlxalq əməkdaşlığın gücləndirilməsini zəruri etdiyini bildirib. Prezident qeyd edib ki, belə mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında dialoqun təşviqi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və fikir ayrılıqlarının aradan qaldırılması xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan beynəlxalq dialoq və əməkdaşlığın təşviqinə daim mühüm töhfələr verir. Ölkəmiz müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməklə mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə xidmət edir. Bu baxımdan Qlobal Bakı Forumunun beynəlxalq gündəlikdə yer alan mühüm məsələlərin müzakirəsi üçün vacib platformaya çevrildiyi qeyd olunub.
Dövlət başçısı çıxışında regional proseslərə də toxunaraq Azərbaycanın Cənubi Qafqazda sülhün, sabitliyin və əməkdaşlığın təmin olunmasına yönəlmiş siyasət həyata keçirdiyini diqqətə çatdırıb. Bildirilib ki, ölkəmiz regionda uzunmüddətli sülhün təmin olunması istiqamətində ardıcıl səylər göstərir. İlham Əliyev bildirib ki biz işğal olunmuş əraziləri güc vasitəsi ilə azad etdik və sülhə siyasi yolla nail olduq. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması da nadir bir vəziyyətdir.Bu iki ölkə tərəfindən verilmiş bir qərardır və artıq biz yeddi aydır sülh şəraitində yaşayırıq.Biz artıq sülhün üstünlüklərini görürük. Mən dəfələrlə demişəm və bir daha təkrar edirəm sülhdən daha yaxşı heç nə yoxdur.
Prezident İlham Əliyev həmçinin Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rolu qeyd edib. Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç olmadığı qədər önəm daşıyır. Bildirilib ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan beynəlxalq enerji layihələri Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bununla yanaşı, ölkəmiz bərpa olunan enerji sahəsində də genişmiqyaslı layihələr həyata keçirir.
Çıxışının sonunda Prezident İlham Əliyev qlobal problemlərin həlli üçün çoxtərəfli əməkdaşlığın, qarşılıqlı hörmət və etimadın vacibliyini vurğulayıb.
Vüqar Quliyev,
Neft Kəmərləri İdarəsinin əməkdaşı



