
Bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq siyasi, iqtisadi və enerji sahələrində sürətlə inkişaf edir. Qarşılıqlı səfərlərin intensivləşməsi və siyasi dialoqun genişlənməsi tərəflər arasında etimadın artdığını göstərir. Ticarət göstəriciləri də bu dinamikanı təsdiqləyir. Azərbaycanın ümumi ticarət dövriyyəsində Avropa İttifaqının böyük paya malik olması ölkəmizin Avropa bazarı ilə sıx iqtisadi əlaqələr qurduğunu göstərir. Bu sözləri Ölkə başçısı İlham Əliyev 2026-cı il martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı verdiyi bəyanatda qeyd etmişdir.
Bakıda keçirilən yüksək səviyyəli görüşlər göstərir ki, Azərbaycanla Avropa arasında münasibətlər artıq sadə diplomatik əlaqələrdən çıxaraq strateji tərəfdaşlıq mərhələsinə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Antonio Koşta arasında baş tutan görüş və səsləndirilən fikirlər iki tərəf arasındakı əməkdaşlığın həm hazırkı vəziyyətini, həm də gələcək istiqamətlərini aydın şəkildə ortaya qoydu.
Tərəfdaşlığın əsas istiqamətlərindən biri enerji əməkdaşlığıdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və ölkəmizin qaz ixracı son illərdə həm həcminə, həm də coğrafiyasına görə genişlənib. Hazırda Avropanın bir sıra ölkələri Azərbaycan qazı ilə təmin olunur ki, bu da ölkəmizin etibarlı enerji tərəfdaşı statusunu möhkəmləndirir.
Enerji sahəsində əməkdaşlıq yalnız qaz ixracı ilə məhdudlaşmır. Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafına da böyük diqqət ayırır. Günəş və külək enerjisi sahəsində həyata keçirilən layihələr ölkənin gələcəkdə yaşıl enerji ixracatçısına çevrilməsi üçün geniş imkanlar yaradır və Avropanın enerji strategiyası ilə uyğunluq təşkil edir.
Regionda sülh və sabitliyin təmin olunması da Azərbaycan–Avropa münasibətlərində mühüm yer tutur. Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılan addımlar Cənubi Qafqazda yeni inkişaf mərhələsinin formalaşmasına zəmin yaradır. Bu proses nəqliyyat və logistika layihələrinin, xüsusilə Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin inkişafına da mühüm töhfə verir.
Ümumilikdə Azərbaycan ilə Avropa arasında əməkdaşlıq artıq çoxşaxəli strateji xarakter daşıyır. Enerji təhlükəsizliyi, nəqliyyat əlaqələri, yaşıl enerji və regional sabitlik kimi sahələrdə qurulan tərəfdaşlıq təkcə iki tərəfin deyil, bütövlükdə regionun gələcəyinə təsir edən mühüm amilə çevrilir.
YAP Xəzər rayon təşkilatının məsləhətçisi Nəzrin Bayramova



