AnalitikaGündəmSiyasət

Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının strateji əhəmiyyəti

 

2026-cı il martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev mətbuata geniş bəyanatla çıxış etmişdir. Bu bəyanat həm Azərbaycan-Avropa İttifaqı münasibətlərinin strateji mahiyyətini, həm də regionda gedən geosiyasi proseslər fonunda Bakının mövqeyini aydın şəkildə ortaya qoymuşdur.
Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin son illərdə dinamik inkişaf etdiyini vurğulamışdır. Dövlət başçısı bildirmişdir ki, yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı səfərlər əməkdaşlığın daha da genişlənməsi üçün mühüm zəmin yaradır. Onun sözlərinə görə, Antonio Koştanın bu səfəri ikitərəfli əlaqələrin yeni mərhələyə keçməsinə təkan verəcək. Birgə mətbuat bəyanatında tərəflər Azərbaycan-Aİ əməkdaşlığının təhlükəsizlik, enerji, nəqliyyat və iqtisadi sahələrdə inkişafının regionda sabitliyə və davamlı inkişafa töhfə verdiyini xüsusi qeyd etmişlər.
Bəyanatın mühüm məqamlarından biri münasibətlərin qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında qurulması barədə vurğular olmuşdur. Hər iki tərəf dövlətlərin suverenliyi və ərazi bütövlüyünün beynəlxalq hüququn əsas prinsipləri olduğunu bir daha təsdiqləmişdir. Bu yanaşma Azərbaycanın xarici siyasət kursunda əsas istiqamətlərdən biri kimi təqdim edilmiş və Prezident İlham Əliyev ölkəsinin beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş statusunu qoruyub saxladığını bildirmişdir.
Prezident çıxışında Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin olunmasının həm Azərbaycan, həm də Avropa İttifaqı üçün strateji prioritet olduğunu qeyd etmişdir. Tərəflər regionda kommunikasiyaların açılması, iqtisadi inteqrasiyanın genişləndirilməsi və sülh prosesinin davam etdirilməsinin vacibliyini vurğulamışlar.
Eyni zamanda Avropa İttifaqı nümayəndəsi regionda baş verən təhlükəsizlik çağırışları fonunda Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə etmişdir.
Prezident İlham Əliyev Azərbaycan-Aİ əməkdaşlığında enerji sektorunun xüsusi yer tutduğunu qeyd etmişdir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu vurğulayan dövlət başçısı bu sahədə yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanların mövcud olduğunu bildirmişdir. Həmçinin ticarət dövriyyəsinin artırılması, investisiya mühitinin yaxşılaşdırılması və nəqliyyat-logistika layihələrinin inkişafı kimi məsələlər əməkdaşlığın əsas istiqamətləri sırasında göstərilmişdir.
Ümumilikdə Prezident İlham Əliyevin bəyanatı göstərdi ki, Antonio Koştanın Azərbaycana səfəri yalnız diplomatik protokol xarakteri daşımır, həm də regional geosiyasi reallıqlar fonunda strateji əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Bu səfər Azərbaycan-Aİ münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
11 mart 2026-cı il tarixli bəyanat Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin geniş perspektivlərini, regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş siyasətini və enerji-iqtisadi əməkdaşlıq sahəsində artan rolunu bir daha nümayiş etdirdi.

YAP Tərtər rayon təşkilatının məsləhətçisi Əli Paşayev

Oxşar Xəbərlər

Back to top button