AnalitikaGündəmSiyasət

Ölkəmiz Qlobal Enerji Təhlükəsizliyinin və Yaşıl Keçidin Tam Mərkəzindədir

3 mart 2026-cı il tarixində Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası Azərbaycanın dünya enerji xəritəsindəki strateji mövqeyini bir daha təsdiqlədi. Prezident İlham Əliyevin tədbirdəki proqram xarakterli çıxışı həm ənənəvi qaz ixracının genişləndirilməsi, həm də ölkənin “yaşıl keçid” ambisiyaları baxımından mühüm ismarıclarla yadda qaldı. Prezidentin çıxışında ən diqqətçəkən məqamlardan biri Azərbaycan qazını idxal edən ölkələrin coğrafiyasının sürətlə genişlənməsidir. Cəmi bir il ərzində istehlakçı ölkələrin sayının 12-dən 16-ya çatması Bakının etibarlı tərəfdaş imicinin göstəricisidir. Xüsusilə Almaniya və Avstriya bazarlarına daxil olmaqla, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində əsas oyunçulardan birinə çevrilib.

Boru kəməri ilə qaz tədarük edən ölkələr arasında Azərbaycanın dünyada birinci yerə yüksəlməsi ölkənin qlobal bazardakı çəkisini fundamental şəkildə dəyişir. Azərbaycan təkcə mövcud resursları idarə etmir, həm də gələcək potensialını artırır. Prezident 2028-ci ildə “Şahdəniz” yatağının yeni fazasında hasilatın başlayacağını anons edərək, əlavə 10-15 milyard kubmetr qazın çıxarılmasının hədəfləndiyini bildirdi. Bu, yaxın illərdə Avropanın enerji balansında Azərbaycan payının daha da artacağı deməkdir. Suriyaya qaz tədarükünün başlanılması isə Azərbaycanın enerji siyasətinin həm də humanitar və regional sabitlik ölçülərinə malik olduğunu nümayiş etdirir. Məşvərət Şurasının gündəliyi göstərir ki, Azərbaycan artıq yalnız fosil yanacaq ixracatçısı deyil. Ölkə sürətlə “yaşıl enerji dəhlizi”nə çevrilir.

İşğaldan azad edilmiş ərazilərdə qısa müddətdə 307 meqavatlıq hidroenerji gücünün yaradılması və bunun yaxın illərdə ikiqat artırılması planı Azərbaycanın daxili bərpa olunan enerji potensialından maksimum istifadə etmək əzmini göstərir. Xarici investisiyaların bərpa olunan enerji sektoruna axını isə Azərbaycanın yaratdığı şəffaf və əlverişli biznes mühitinin nəticəsidir. Prezident İlham Əliyevin çıxışı bir daha sübut etdi ki, Azərbaycan qlobal enerji arxitekturasında təkcə istehsalçı deyil, həm də mühüm tranzit mərkəzidir. ABŞ və Avropa İttifaqı ilə qurulan strateji tərəfdaşlıq, Bakının həm ənənəvi, həm də “yaşıl” enerji sahəsində qlobal dialoq meydanı olduğunu təsdiqləyir. Bu konfrans, Azərbaycanın 2030-cu ilə qədər olan enerji strategiyasının yol xəritəsini müəyyən edərək, ölkəmizi regionun və Avropanın vazkeçilməz tərəfdaşı kimi möhkəmləndirdi.

Əyyub Əliyev,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi

Oxşar Xəbərlər

Back to top button