AnalitikaGündəmSiyasət

Fəal vətəndaşlıq mövqeyi sərgiləyən Azərbaycan qadını

8 Mart – Beynəlxalq Qadınlar Günü dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da qadınların cəmiyyətdəki roluna, onların hüquq və azadlıqlarına, eləcə də ictimai həyatda fəallığına diqqətin artırıldığı əlamətdar günlərdən biridir. Azərbaycan qadını tarix boyu yalnız ailə dəyərlərinin qoruyucusu kimi deyil, həm də cəmiyyətin inkişafında mühüm rol oynayan fəal vətəndaş kimi çıxış etmişdir. Müasir dövrdə isə qadınların dövlət idarəçiliyində, elmdə, təhsildə, iqtisadiyyatda və digər sahələrdə fəallığı daha aydın şəkildə özünü göstərir.

Azərbaycan tarixində qadınlar hər zaman mühüm mövqeyə malik olmuşlar. Onlar yalnız ailə institutunun dayağı deyil, həm də milli-mənəvi dəyərlərin qoruyucuları kimi çıxış etmiş, cəmiyyətin inkişafına mühüm töhfələr vermişlər. Tariximizdə cəsarəti, zəkası və uzaqgörənliyi ilə seçilən qadınlar ölkənin ictimai və siyasi həyatında da mühüm rol oynamışlar.

Qədim dövrlərdə Tomris kimi hökmdar qadın obrazı qadınların gücünü, iradəsini və liderlik qabiliyyətini nümayiş etdirirdi. Orta əsrlərdə isə Sara Xatun Azərbaycan tarixində xüsusi yer tutmuşdur. O, Uzun Həsənin anası olmaqla yanaşı, Ağqoyunlu dövlətinin siyasi həyatında fəal iştirak etmiş, müxtəlif dövlətlər arasında diplomatik danışıqlarda mühüm rol oynamışdır. Sara Xatun nəinki Azərbaycanda və Şərqdə, həm də Avropada tanınan ilk qadın diplomat kimi tarixə düşmüşdür. Onun apardığı diplomatik missiyalar qadınların dövlət idarəçiliyində də mühüm rol oynaya biləcəyini sübut edən parlaq tarixi nümunələrdəndir.

XIX və XX əsrlərdə də Azərbaycan qadınlarının cəmiyyət həyatında rolu getdikcə artmışdır. Maarifçilik dövründə qızların təhsil alması istiqamətində mühüm addımlar atılmışdır. Bu sahədə görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Bakıda ilk qız məktəbinin açılması Azərbaycan qadınının təhsil və ictimai həyatda fəallığının artmasına mühüm təkan vermişdir.

1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçki hüququ verərək onların siyasi həyatda iştirakını təmin etmişdir. Bu fakt Azərbaycanı qadın hüquqları sahəsində Şərqdə qabaqcıl ölkələrdən birinə çevirmişdir.

Müasir dövrdə Azərbaycan qadınları cəmiyyətin bütün sahələrində fəal iştirak edirlər. Elm, təhsil, səhiyyə, mədəniyyət, media, iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində çalışan qadınlar ölkənin inkişafına öz töhfələrini verirlər. Onlar yalnız peşəkar fəaliyyətləri ilə deyil, həm də sosial təşəbbüslərdə, ictimai layihələrdə və müxtəlif humanitar fəaliyyətlərdə fəallıqları ilə seçilirlər.

Müasir Azərbaycan qadınının ictimai və siyasi həyatda fəallığını nümayiş etdirən nümunələrdən biri də Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevadır. Onun həyata keçirdiyi sosial və humanitar layihələr, mədəniyyətin və milli-mənəvi dəyərlərin qorunması istiqamətində fəaliyyəti Azərbaycan qadınının cəmiyyət həyatındakı rolunun daha da güclənməsinə mühüm töhfə verir.

Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban Əliyeva təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə həyata keçirilən çoxsaylı layihələrin təşəbbüskarı olmuşdur. Fondun fəaliyyəti nəticəsində ölkədə məktəblər, xəstəxanalar və mədəniyyət ocaqları tikilmiş, bir sıra tarixi və mədəni abidələrin bərpası həyata keçirilmişdir. Bu fəaliyyət Azərbaycan qadınının humanizm, xeyirxahlıq və sosial məsuliyyət kimi yüksək dəyərlərinin bariz nümunəsidir.

Azərbaycan qadını yalnız ictimai və sosial həyatda deyil, həm də Vətənə qəhrəman övladlar bəxş edən ana kimi böyük hörmət və ehtiram qazanmışdır. Tarixin müxtəlif dövrlərində olduğu kimi, müasir dövrdə də Azərbaycan anaları Vətənə sədaqətli, mərd və cəsur övladlar yetişdirmişlər.

Azərbaycan xalqının qəlbində xüsusi yer tutan qəhrəmanlardan biri də Polad Həşimovdur. Onu böyüdən və Vətənə belə igid bir övlad bəxş edən anası Səmayə Həşimova Azərbaycan analarının fədakarlığının parlaq nümunəsidir. Səmayə ananın timsalında biz Vətən üçün qəhrəman övladlar yetişdirən bütün analara dərin ehtiramımızı bildiririk. Onların övladlarına aşıladıqları vətən sevgisi, cəsarət və mənəvi dəyərlər Azərbaycanın gücünün əsas dayaqlarından biridir.

I və II  Qarabağ müharibəsi zamanı Azərbaycan qadınları da böyük fədakarlıq və vətənpərvərlik nümayiş etdirmişlər. 44 gün davam edən Vətən müharibəsi təkcə cəbhədə döyüşən əsgərlərin deyil, eyni zamanda arxa cəbhədə çalışan qadınların da qəhrəmanlıq salnaməsi oldu.

Hərbi tibb işçiləri, könüllülər, jurnalistlər və müxtəlif xidmət sahələrində çalışan qadınlar ordumuza və cəmiyyətimizə böyük dəstək göstərmiş, bəziləri isə birbaşa döyüş bölgələrində xidmət etmişlər. Bu fakt Azərbaycan qadınının yalnız ailə və cəmiyyət həyatında deyil, Vətənin müdafiəsində də fəal mövqe sərgilədiyini bir daha sübut edir.

Müasir Azərbaycan qadını həm milli dəyərlərə sadiq, həm də cəmiyyətin inkişafına töhfə verən fəal vətəndaşdır. Onun təhsilli, təşəbbüskar və ictimai fəallığı ölkənin sosial və mədəni inkişafına mühüm təsir göstərir.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan qadınlarını təbrik edir, onların cəmiyyətimizin inkişafında bundan sonra da fəal iştirak edəcəklərinə əminliyimizi bildiririk. Azərbaycan qadını tarix boyu olduğu kimi bu gün də müdrikliyin, mərhəmətin, vətənpərvərliyin, ismətin və yüksək əxlaqın rəmzi kimi cəmiyyətimizdə xüsusi hörmət və ehtiram qazanır.

Kərimova Nurəngiz Əli qızı,
Bakı Slavyan Universitetinin müəllimi

Oxşar Xəbərlər

Back to top button