
03 mart 2026-cı il tarixdə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası beynəlxalq enerji gündəliyinin mühüm hadisələrindən biri kimi yadda qaldı. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rolu, həyata keçirilən irimiqyaslı layihələri və yaşıl enerji sahəsində müəyyən edilmiş prioritetləri geniş şəkildə təqdim etdi.
Azərbaycanın uzun illərdir etibarlı enerji tərəfdaşı kimi Avropanın və region ölkələrinin enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyini diqqətə çatdırıldı. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin uğurla icrası nəticəsində Azərbaycanın təbii qazı yeni bazarlara çıxarılıb, Avropanın enerji mənbələrinin şaxələndirilməsinə real dəstək göstərilib. Bu layihə təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır və tərəfdaş ölkələr arasında qarşılıqlı etimadı daha da möhkəmləndirir.
Dövlət başçısı Avropada enerji təhlükəsizliyi məsələlərinin son illərdə daha da aktuallaşdığını qeyd etdi və bu şəraitdə Azərbaycanın rolunun əhəmiyyətli dərəcədə artdığını bildirdi. Ölkəmizin qaz təchizatının coğrafiyasını genişləndirməsi, tərəfdaş ölkələrin sayının artması və ixrac həcmlərinin yüksəlməsi bu siyasətin real nəticəsi kimi qiymətləndirildi. Eyni zamanda, mövcud boru kəmərlərinin ötürmə qabiliyyətinin artırılması istiqamətində işlərin davam etdiyi bildirildi. Azərbaycanın ənənəvi enerji resursları ilə yanaşı, bərpa olunan enerji sahəsində də böyük potensiala malikdir. Xəzər dənizinin külək enerjisi ehtiyatları, günəş enerjisi imkanları və işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji zonası” elan olunması bu istiqamətdə geniş perspektivlər açır. Dövlət artıq beynəlxalq tərəfdaşlarla birlikdə külək və günəş elektrik stansiyalarının tikintisini həyata keçirir. Prezident İlham Əliyev Azərbaycanın enerji strategiyasının balanslaşdırılmış yanaşmaya əsaslandığını qeyd etdi: bir tərəfdən etibarlı qaz təchizatçısı kimi mövqelər möhkəmləndirilir, digər tərəfdən isə mərhələli şəkildə yaşıl enerjiyə keçid sürətləndirilir. Bu siyasət həm iqtisadi dayanıqlığı təmin edir, həm də qlobal iqlim çağırışlarına cavab verir.
YAP Tərtər rayon təşkilatının məsləhətçisi Əli Paşayev


