
Azərbaycan xalqının çoxəsrlik tarixində elə ağrılı məqamlar var ki, onlar zaman keçsə də unudulmur, əksinə, xalqın birliyini və iradəsini daha da möhkəmləndirir. Bu ağrıların ən dərin və sağalmaz olanı isə bəşər tarixinə qanlı hərflərlə yazılmış Xocalı soyqırımıdır.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Erməni silahlı birləşmələri Xocalı şəhərinə hücum çəkərək dinc əhalini amansızcasına qətlə yetirdi. Qarlı meşələrdə dondurucu soyuqda canını qurtarmağa çalışan körpələr, qocalar və qadınlar qeyri-insani işgəncələrlə üz-üzə qaldılar. Xocalıda baş verənlər sadəcə bir müharibə itkisi deyil, soyuqqanlılıqla planlaşdırılmış kütləvi qırğın idi. İşğal nəticəsində gülüstana bənzəyən Xocalı şəhəri tamamilə xarabalığa çevrildi, bütün mədəniyyət abidələri və infrastruktur darmadağın edildi...
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi –Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür”.
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin bu sarsıdıcı və hər kəlməsi bir tarix dərsi olan fikirləri, Xocalı faciəsinin sadəcə Azərbaycanın başına gətirilən bir müsibət deyil, ümumbəşəri bir vicdan sınağı olduğunu bəyan edir. Bu dahi şəxsiyyətin uzaqgörənliklə və böyük kədərlə ifadə etdiyi o cümlələrin qəlb sızladan dərinliklərinə vararaq deyə bilərik ki, Heydər Əliyev “bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş” deyərkən, Xocalının təsadüfi bir hədəf olmadığını, əksinə, bir millətin varlığını, ruhunu hədəf alan strateji bir nifrət aktı olduğunu vurğulayırdı. O qandonduran gecədə istifadə olunan “qeyri-insani cəza üsulları” ifadəsinin arxasında, bəşər övladının xəyalına belə gətirməkdə çətinlik çəkdiyi dəhşətlər gizlənir.
Anaların gözü önündə süngüyə keçirilən körpələr, diri-diri ocaqlara atılan qocalar, dırnaqları çıxarılan, gözləri oyulan gənclər… Bu, sadəcə bir müharibə deyil, qəddarlığın sərhədlərini aşan, cəlladların belə utanacağı bir rəzalət idi. Ümummilli Lider bu vəhşiliyi “bəşər tarixində bir vəhşilik aktı” adlandırarkən, Xocalının qanla yazılmış ağrısını insanlıq tarixinə bir xəbərdarlıq kimi təqdim edirdi.
Bu faciə təkcə azərbaycanlıların qətliamı deyildi; bu, insanın insana verə biləcəyi ən ağır əzabın təzahürü olaraq “bütün bəşəriyyətə qarşı tarixi bir cinayət” idi. Bir şəhərin bir gecədə yer üzündən silinməsi, dinc əhalinin amansızcasına məhv edilməsi, sivilizasiyanın min illər boyu yaratdığı mənəvi dəyərlərin bir gecədə ayaq altına alınması demək idi. Heydər Əliyev bu ifadə ilə beynəlxalq ictimaiyyəti sükutu pozmağa çağırırdı.
“Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır” deyərkənHeydər Əliyev bu cinayətin ünvanını və xarakterini tam dəqiqliyi ilə göstərirdi. Bu, kor-koranə bir qəzəb deyil, planlı, düşünülmüş və millətçilik zəhəri ilə yoğrulmuş bir nifrətin nəticəsi idi.
Tarix çox müharibələr görüb, lakin Xocalıdakı kimi “görünməmiş təzahür” çox az olub. Silahsız sakini dondurucu soyuqda meşələrə qovub, orada onları pusquya salaraq ovlamaq, cəsədlərin üzərində ağlasığmaz təhqirlər törətmək sadəcə hərbi əməliyyat deyil, iblisin belə bacarmayacağı bir canilikdir. Heydər Əliyevin bu sözləri bizim qan yaddaşımızdır; o, bizə unutmamağı, hər zaman ayıq-sayıq olmağı və bu vəhşiliyin müəlliflərini tarixin məhkəməsi qarşısında hər gün mühakimə etməyi vəsiyyət edirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:“Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”.
“Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”.
“Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq qoymadıq ki, onların qanı yerdə qalsın”.
Prezident İlham Əliyevin bu qətiyyətli və hər kəlməsi ilə tarixin ədalət tərəzisini düzəldən fikirləri, Azərbaycan xalqının otuz illik intizarının, dinməyən ağrısının və sarsılmaz qisas iradəsinin təntənəsidir. Bu cümlələr sadəcə bir dövlət başçısının bəyanatı deyil, Xocalı meşələrində donmuş körpələrin, fəryadı asimana yüksələn anaların və ruhu didərgin düşmüş şəhidlərin tapdanmış haqlarının bərpasıdır.
Xüsusilə vurğulanmalıdır ki, İlham Əliyev bu tarixi missiyanı Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi həyata keçirmişdir. Ümummilli Liderin Xocalı faciəsinə verdiyi siyasi-hüquqi qiymət və dünyaya çatdırdığı həqiqətlər, bu gün Müzəffər Ali Baş Komandan tərəfindən döyüş meydanında əldə olunan parlaq Zəfərlə tamamlanmış və tarixi ədalət bərpa edilmişdir.
Prezident İlham Əliyev “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” deyərkən, bizi tarixin dərin qatlarına aparır. Xocalı təsadüfən seçilmiş bir məkan deyil, xalqımızın mənəviyyatını, qədim mədəniyyətini və varlığını hədəf alan uzunmüddətli bir nifrət zəncirinin ən dəhşətli halqası idi. Bu, əsrlərlə davam edən torpaq iddialarının, etnik təmizləmələrin və sönməyən bir düşmənçiliyin 1992-ci ilin qanlı qış gecəsində püskürən vəhşiliyi idi. Dövlət başçısı bu ifadə ilə xatırladır ki, Xocalı bizim üçün təkcə bir şəhərin itkisi deyil, bütöv bir tarixin sızlayan yarasıdır.
Heydər Əliyev yolunun sadiq davamçısı olan Prezidentin “Xocalı azad olunmadan biz sakitləşə bilməzdik” sözləri bir millətin vicdan fəryadının ifadəsidir. Həqiqətən də, Azərbaycan bayrağı Şuşada, Ağdamda, Kəlbəcərdə dalğalansa da, Xocalı nisgili hər birimizin qəlbində bir düyün kimi qalmışdı. Xocalısız ərazi bütövlüyü, yarımçıq qalmış bir qələbə, sağalmamış bir yara kimi idi. Çünki Xocalı bizim şüurumuzda sadəcə coğrafi bir nöqtə deyil, millətimizin çəkdiyi iztirabın simvoludur. O torpaqlar azad edilmədən, o küçələrdə yenidən azərbaycanlı övladlarının ayaq səsləri eşidilmədən milli qürurumuzun bərpa olunduğunu demək mümkün deyildi. Bu, Ulu Öndərin vəsiyyətinə sadiqlik, bir namus borcu və şərəf məsələsi idi.
Prezident İlham Əliyevin ən sarsıdıcı və qürurverici fikri isə budur: “Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq.” On illər boyu dünya birliyindən ədalət diləyən deyil, öz ədalətini özü bərpa edən güclü Azərbaycanın obrazıdır bu.
“Xocalıya ədalət!” çağırışı illərlə beynəlxalq kürsülərdə əks-səda doğursa da, dünya bu vəhşiliyə göz yumdu. Lakin Heydər Əliyev məktəbinin yetirməsi olan rəşadətli Azərbaycan Ordusu, Ali Baş Komandanın rəhbərliyi altında o qanlı gecənin intiqamını məhz döyüş meydanında, düşməni diz çökdürərək aldı.
Bu qisas, dinc insanlara atəş açanlardan fərqli olaraq, ləyaqətlə, hərbi qüdrətlə və beynəlxalq hüquqa tam uyğun şəkildə alındı.
“Qoymadıq ki, onların qanı yerdə qalsın” kəlməsi, Xocalı meşələrində can verən hər bir şəhidin ruhuna oxunan ən böyük fatihədir. Bu gün Xocalı səmasında ucalan bayrağımız həm də o günahsız körpələrin ruhunun rahat dolaşdığının müjdəçisidir. Biz tarixi ədaləti qanımızla, canımızla və sarsılmaz iradəmizlə bərpa etdik. İndi Xocalı təkcə soyqırımı qurbanlarının xatirəsi deyil, həm də milli dirçəlişimizin və əbədi qələbəmizin sönməz məşəlidir.
Bu gün Xocalı artıq quruculuq və dirçəliş meydanıdır. Dövlət başçısının Xocalıya mütəmadi səfərləri şəhərin və rayonun kəndlərinin yeni həyata qayıdışını simvolizə edir: 15 oktyabr 2023-cü ildə Xocalı şəhərində və Əsgəran qəsəbəsindəAzərbaycanın üçrəngli bayrağı ucaldıldı. 26 fevral 2024-cü ildə soyqırım qurbanlarının xatirəsinə ucaldılacaq Memorial Kompleksin təməli qoyuldu. 28 may 2024-cü ildə Xocalı sakinləri artıq doğma evlərinə, təmir olunmuş mənzillərinə qayıtdılar. 2025-ci ildə Xocalı artıq iqtisadi mərkəzə çevrilir. “Xocalı”yarımstansiyası, Rəqəmsal İdarəetmə Mərkəzi, kərpic zavodu və müasir fermer təsərrüfatları (Xanabad, Ballıca, Təzəbinə kəndlərində) rayonun gələcəyini inşa edir.
Xocalı soyqırımı xalqımızın yaddaşında silinməz iz qoysa da, bu gün biz o torpaqlarda kədərlə deyil, quruculuq eşqi ilə gəzirik. Xocalı qurbanlarının qanı yerdə qalmadı. Şəhidlərimizin ruhu bu gün azad Xocalının üzərində dalğalanan bayrağımızla şaddır.Artıq biz tarixi ədaləti bərpa etmiş bir millət kimi gələcəyə daha inamla baxırıq.
Mənim üçün bu tarixi ədalətin bərpası həm də şəxsi bir qürur və dinməyən bir nisgilin təsəllisidir. Vətənini qoruyaraq canını fəda edənlərdən biri də dayım, leytenant Hümbətov Eldar Əhməd oğlu idi. O, Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant Şirin Mirzəyev adına 836 nömrəli hərbi hissənin I batalyonunun II dəstə komandiri kimi Birinci Qarabağ müharibəsinin ən ağır sınaqlarından keçmişdi. 836 nömrəli hərbi hissə, Azərbaycanın hərb tarixində xüsusi çəkisi olan bir qurumdur. Bu hissə birbaşa Azərbaycanın Milli Qəhrəmanı, əfsanəvi komandir polkovnik-leytenant Şirin Mirzəyev tərəfindən formalaşdırılmış və Ağdamın müdafiəsində, eləcə də ətraf rayonların azad edilməsində misilsiz rəşadət göstərmişdir.
8 may 1992-ci ildə – Şuşa şəhərinin işğalı günündə, 33 yaşında ikən Fərrux dağı yüksəkliyi uğrunda gedən amansız döyüşdə dayım Eldar Hümbətov qəlbini düşmən snayperinə sipər edərək şəhadət zirvəsinə ucaldı. O, vətən torpağına qarışanda arxasında üç aylıq bir körpə oğul – atasının nəfəsinə, sevgisinə və himayəsinə möhtac bir körpə qaldı. Ulu Öndərimiz Heydər Əliyevin 9 oktyabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni (№000267) ilə təltif edilən dayım, qanı ilə bayrağımıza rəng, torpağımıza möhür vurdu.
Fərrux dağı yüksəkliyi, Qarabağın, xüsusilə də Ağdam və Əsgəran bölgəsinin strateji kilidi hesab olunurdu. Həmin yüksəklikdən ətraf əraziləri tam nəzarətdə saxlamaq mümkün idi və erməni işğalçıları bu nöqtədən dinc əhalini daim atəş altında saxlayırdılar. 1992-ci ilin mayında, Şuşanın süqutu ilə eyni gündə gedən bu döyüşlər sadəcə bir yüksəklik uğrunda deyil, bütöv bir bölgənin taleyi uğrunda aparılan mübarizə idi.
Leytenant Eldar Hümbətov və silahdaşlarının o illərdə göstərdiyi qəhrəmanlıq, 2022-ci ilin mart ayında Azərbaycan Ordusunun Fərrux yüksəkliyini tam nəzarətə götürməsi ilə öz məntiqi və tarixi yekununa çatdı. Bu gün həmin yüksəklikdə dalğalanan üçrəngli bayrağımız, 33 yaşında canını vətənə fəda edən, oğluna doymadan şəhadətə qovuşan bir atanın – Eldar Hümbətovun və onun timsalında bütün şəhidlərimizin ruhunun intiqamıdır. Bu gün Fərrux yüksəkliyində Azərbaycan əsgəri vüqarla dayanırsa, Xocalı küçələrində uşaq gülüşləri yenidən eşidilirsə, bu, Eldar Hümbətov kimi qəhrəmanların yarımçıq qalmış ömürləri bahasına mümkün olmuşdur. Onların yarımçıq qalmış ömürləri bu gün bütöv Azərbaycanın azad torpaqlarında yenidən canlanır. Onların fədakarlığı sayəsində Xocalı artıq qan yaddaşımızdan Zəfər səhifəmizə uzanan tarixi bir ədalət simvoludur.
Xocalı azaddır! Qarabağ Azərbaycandır!
Bakı Slavyan Universitetinin baş müəllimi f.f.d. Vəfa Elxan qızı Allahverdiyeva



