AnalitikaGündəmSiyasət

Yaşanan Faciə

Bəzi tarixlər varki, onlar sadəcə keçmişdə qalmır, xalqın yaddaşında yaşayan həqiqətə çevrilir. 26 fevral 1992-ci il də Azərbaycan üçün belə tarixlərdən biridir. Xocalıda baş verən hadisələr yalnız bir şəhərin faciəsi deyil, mülki insanların hədəfə alındığı, insanlığın sınağa çəkildiyi ağır bir gecə kimi tarixə düşmüşdür.

1991-ci ilin sonlarından etibarən Xocalı tam mühasirə şəraitində idi. Qarabağın yeganə hava limanının burada yerləşməsi şəhəri strateji baxımdan əhəmiyyətli hədəfə çevirmişdi. Şəhərin quru yol ilə əlaqəsi kəsilmiş, enerji təminatı dayanmış, ərzaq qıtlığı yaranmışdı. 1992-ci ilin fevral ayına qədər təxminən 2500 nəfər mülki əhali  çox ağır şəraitdə yaşayırdı. Elektriksiz, qazsız və daim təhlükə altında qalan insanlar qışı qorxu və ümid arasında keçirməyə məcbur olmuşdular.

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə şəhər ağır artilleriya atəşinə tutuldu. Hücum erməni silahlı birləşmələri və keçmiş SSRİ ordusunuhnn 366-cı motoatıcı alayının iştirakı ilə həyata keçirilmişdir. Şəhər faktiki olaraq yerlə yeksan edilmiş, əhali isə şaxtalı hava şəraitində ərazini tərk etməyə məcbur olmuşdur. Qaçanlar əsasən mülki sakinlər – qadınlar , uşaqlar və yaşlılar idi.

Rəsmi məlumatlara görə, 613 nəfər qətlə yetirildi: 106 qadın, 63 uşaq, 70 yaşlı şəxs qətlə yetirilib, 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, 150 nəfər itkin düşdü. Amma gəlin bu rəqəmləri fərqli talelər kimi düşünək: 63 uşaq… bu o deməkdirki, 63 gələcək yarımçıq qaldı, 63 məktəb çantası birdaha açılmadı, 63 anaya “ana” deyə səslənmək mümkün olmadı.

Qar və şaxta içində həlak olanlar, yaxınlarının gözü qarşısında öldürünlənlər və əsirlikdə işgəncələrə məruz qalanlar bu faciənin miqyasını açıq göstərir. Bu hadisələr adi döyüş əməliyyatı deyil , mülki əhaliyə qarşı sistemli zorakılıq idi.

Beynəlxalq hüquq baxımından, 1948-ci il tarixli BMT-nin “ Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya” sına əsasən müəyyən milli və etnik qrupu məhv etməyə yönəlmiş əməllər soyqırımı hesab edilir. Xocalıda zorakılığın azərbaycanlı mülki əhaliyə yönəlməsi hadisələrin beynəlxalq hüquqi qiymətləndirilməsini  aktuallaşdırır.

Xocalı faciəsinə dövlət səviyyəsində siyasi – hüquqi qiymət verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirildi. Hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması dövlət siyasətinin prioritet istiqamətinə çevrildi. Daha sonra “Xocalıya ədalət” beynəlxalq kampaniyası Leyla Əliyeva tərəfindən irəli sürüldü və dünyanın müxtəlif ölkələrində məlumatlandırma tədbirləri aparıldı.

2020-ci il 27 sentyabr tarixində başlayan və 44 gün davam edən vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında qalan ərazilər azad edildi. Bu yalnız ərazi məsələsi deyil, 30 illik ədalətsizliyə verilmiş tarixi cavab kimi qiymətləndirilir.

2023-cü ildə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olundu və Xocalı da azad olundu. Bugün Xocalıda Azərbaycan bayrağı dalğalanır. O torpağa ayaq basan hər bir əsgər təkcə torpaq yox, həm də 26 fevral gecəsinin xatirəsini azad etdi.

Tarix bizdən qisas , nifrət istəmir. Tarix bizdən yaddaş istəyir. Çünki unutqan millətlər eyni faciəni yenidən yaşaya bilər.

Bugün biz şəhidlərin ruhu qarşısında baş əyirik. Onların qanı ilə yazılan tarix artıq ədalətlə tamamlanıb. Xocalı artıq işğalda deyil. Xocalı artıq azaddır. Amma Xocalı soyqırımı heç vaxt unudulmayacaq!

Bakı Slavyan Universitetinin müəllimi
Nərmin Taleh qızı Məmmədova

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button