
26 Fevral 2026-cı il tarixində Xocalı şəhərində böyük tarixi hadisə baş verdi: Xocalı Soyqırımı Memorial Kompleksinin rəsmən açılış mərasimi keçirildi. Bu mərasimə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri qatıldılar. Dövlət başçısı kompleksi ziyarət edib önünə əklil qoydu, ardından isə tədbir iştirakçıları qarşısında mühüm çıxış etdi. Xocalı Soyqırımı Memorialı yalnız rəmzi memarlıq abidəsi deyil — bu, Azərbaycan xalqının yaddaşında silinməz iz buraxmış faciənin əbədiləşdirilməsi, tarixə ədalətin və həqiqətin düzgün yazılması üçün vacib bir məkandır.
Memorialın yaradılmasının əsas məqsədi Xocalı qurbanlarının xatirəsini gələcək nəsillərə çatdırmaq, tarixi həqiqətləri dünyaya tanıtmaq və milli yaddaşı qorumaqdır. Bu təşəbbüs Cənab Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı sərəncama əsasən həyata keçirilmiş və Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılmışdır. Çıxışında Cənab Prezident İlham Əliyev qeyd etdi ki, Xocalı Soyqırımı insanlığa qarşı törədilmiş ən qanlı cinayətlərdən biridir və bu faciənin unudulmaması üçün Memorial Kompleksinin yaradılması vacib idi. O vurğuladı ki, Xocalı soyqırımı yalnız bir millətin deyil, bütün bəşəriyyət üçün faciəvi bir hadisədir və bu həqiqət dünyanın diqqətinə çatdırılmalıdır. Prezidentin sözlərinə görə, bu Memorial Kompleksi “Azərbaycan xalqının sarsılmaz ruhunun təcəssümü” olaraq görülməlidir.
O, Xocalı soyqırımı qurbanlarının xatirəsinin həmişə yaşadılacağını, bütün gələcək nəsillərin bu tarixi bilməli və anlamalı olduğunu xüsusi vurğuladı. Prezident çıxışında tarixi ədalətin bərpası üçün Azərbaycan dövlətinin apardığı işlərə də toxundu. O qeyd etdi ki, Xocalı soyqırımı barədə həqiqətin dünyaya çatdırılması üçün Azərbaycan illərlə səylə çalışıb, bu cinayət barədə beynəlxalq ictimaiyyətin diqqətini çəkməyə çalışıb. Bu iş çərçivəsində bir çox beynəlxalq təşkilatlar və dövlətlər Xocalı hadisəsini rəsmi şəkildə tanıdılar və bununla bağlı qərarlar qəbul etdilər. Prezident həmçinin bildirdi ki, Azərbaycanın dövlət siyasəti yalnız tarixi xatirəni yaşatmaqla kifayətlənməyib, eyni zamanda öz ərazi bütövlüyünü bərpa etmək üçün apardığı ədalətli mübarizəni də uğurla başa çatdırıb. O vurğuladı ki, müstəqil və suveren dövlət olaraq Azərbaycan indi daha güclü, daha birləşmiş və hər cür təhdidə qarşı dayana biləcək bir gücdədir.
Prezident çıxışında Xocalıya Ədalət hərəkatının roluna da toxundu. O bildirdi ki, bu hərəkatın təşəbbüsü və beynəlxalq səviyyədə əldə olunan tanınmalar Azərbaycan üçün böyük nailiyyətdir. Xocalı soyqırımı bir çox ölkələr və beynəlxalq qurumlar tərəfindən rəsmi şəkildə tanındıqca, dünya ictimaiyyəti bu faciənin ağrı və əzabını daha dərindən anlamışdır. Bu prosesin yalnız beynəlxalq tanınması ilə məhdudlaşmadığını, eyni zamanda tarixi ədalətin bərpası üçün müxtəlif məhkəmə proseslərinin də başladıldığını vurğuladı. Dövlət başçısı qeyd etdi ki, artıq bir sıra hərbi cinayətkarlar qarşısına çıxarılıb və məsuliyyətə cəlb olunub ki, bu da ədalətin daha tam şəkildə təmin olunmasına xidmət edir.
Cənab Prezident Əliyev çıxışında həmçinin Azərbaycan dövlətinin gücü və xalqın birlik ruhu barədə də danışdı. O vurğuladı ki, Xocalı soyqırımı kimi faciələr qarşısında xalqın əzmi qırılmayıb, əksinə, bu faciə Azərbaycan xalqını bir araya gətirib və milli ruhu daha da möhkəmləndirib. Dövlət başçısı çıxışının sonunda dedi ki, bu Memorial Kompleksi gələcək nəsillərə ötürüləcək mühüm bir məktəbdir. Burada göstərilən xatirə, hadisələrin izahı və tarixi faktlar gələcək nəsillərin tarixə daha obyektiv və dərindən baxmasına kömək edəcək. Xocalı soyqırımını unutmamaq yalnız bir vətəndaş borcu deyil, eyni zamanda tarixi ədalətin qorunmasıdır.
Rüstəmov Bəhruz,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



