
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında etdiyi çıxış təkcə bir anım mərasimi nitqi deyil, həm də milli ideologiyanın, dövlətçilik fəlsəfəsinin və tarixi yaddaş siyasətinin konseptual ifadəsi kimi qiymətləndirilə bilər. Bu çıxış Azərbaycan xalqının kollektiv yaddaşında mühüm yer tutan Xocalı faciəsinin yalnız xatırlanması deyil, onun milli kimliyin ayrılmaz tərkib hissəsinə çevrilməsinin ideoloji əsaslandırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Milli ideologiyanın əsas sütunlarından biri tarixi yaddaşdır. Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında təkcə faciə deyil, həm də milli həmrəyliyin, dirənişin və ədalət axtarışının simvoludur. Cənab Prezident İlham Əliyev çıxışında bu faciəni xalqımıza qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi xarakterizə edərək, onu təkcə keçmiş hadisə kimi deyil, milli şüurun formalaşmasında mühüm mərhələ kimi təqdim etdi.
Milli ideoloji baxımdan da bu yanaşma iki istiqamətdə əhəmiyyətlidir.
Birincisi faciənin unudulmaması, yəni tarixi ədalətin təmin olunmasının şərti kimi yaddaşın qorunması.
İkincisi isə bu faciədən gücün doğması, yəni bu zəiflik deyil, milli birliyin və dövlət quruculuğunun güclənməsi üçün stimul kimi təqdim olunması.
Bu yanaşma Azərbaycan dövlətinin yaddaş siyasətində əsas xəttdir: keçmişin ağrısını gələcəyin gücünə çevirmək.
Cənab Prezidentin çıxışında xüsusi vurğulanan məqamlardan biri Azərbaycanın bu gün güclü və qalib dövlət olmasıdır. Milli ideoloji baxımdan bu mesaj təsadüfi deyil. Xocalı faciəsi dövründə zəif və parçalanmış siyasi vəziyyətdə olan Azərbaycanla bugünkü güclü, suveren və ərazi bütövlüyünü bərpa etmiş dövlət arasında müqayisə aparılır.
Belə ki, güclü dövlət xalqın təhlükəsizliyinin təminatçısı, qüdrətli Ordu tarixi ədalətin bərpasının əsas amili və milli birlik xarici təhdidlərə qarşı ən böyük sipərdir.
Belə nəticəyə gəlirik ki, Xocalı Memorialı yalnız şəhidlərin xatirəsinə ucaldılmış abidə deyil, həm də dövlət suverenliyinin və qalib xalqın rəmzi kimi təqdim olunur.
Milli ideologiyada şəhidlik və mənəvi dəyərlər məsələsinə gəlincə isə deyə bilərik ki, milli ideologiyada şəhidlik anlayışı xüsusi yer tutur. Xocalı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi Azərbaycan xalqının mənəvi bütövlüyünün göstəricisidir. Ölkə başçısının çıxışında şəhidlərin xatirəsinin daim uca tutulacağı, onların qanının yerdə qalmadığı mesajı milli-mənəvi dəyərlərin dövlət siyasətində prioritet olduğunu nümayiş etdirir. Xalq öz şəhidini unutmur, ədalət gec də olsa təmin edilir və milli ləyaqət dövlətin əsas dayağıdır.
Çıxışın mühüm istiqamətlərindən biri də Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məsələsidir. Milli ideoloji baxımdan bu informasiya müharibəsində aktiv mövqe deməkdir. Azərbaycan dövləti təkcə hərbi və siyasi müstəvidə deyil, həmçinin ideoloji və diplomatik sahədə də mübarizə aparır. Bu yanaşma milli ideologiyada haqqın müdafiəsi prinsipinə söykənir. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması uğrunda aparılan fəaliyyət Azərbaycan dövlətinin öz tarixini və həqiqətlərini qorumaq əzmini nümayiş etdirir.
Bu kontekstdən məsələyə yanaşdıqda Memorialın bir neçə simvolik mənası ortaya çıxır. Xocalı Soyqırımı Memorialı milli yaddaş məkanıdır. Bu məkan hər birimiz üçün tarixi dərsin canlı xatırladıcısı və gələcək nəsillər üçün milli şüur məktəbidir. Bu Memorial eyni zamanda dövlətçilik ideyasının möhkəmləndirilməsinə xidmət edən rəmzdir.
Dövlət başçısının çıxışını analiz edəndə görürük ki, bu çıxış keçmişə yönəlmiş anım nitqi olmaqla yanaşı, gələcəyə ünvanlanan strateji mesaj idi. Bu mesajın əsas məğzini ümumiləşdirsək belə nəticəyə gələrik ki, Azərbaycan xalqı öz tarixini unutmur, dövlət öz vətəndaşının təhlükəsizliyini təmin etməyə qadirdir, milli birlik və güclü liderlik ölkənin sabitliyinin əsas şərtidir.
Yekun olaraq bu çıxış onu göstərir ki, Xocalı faciəsi Azərbaycan üçün yalnız keçmişin ağrısı deyil, həm də milli dirçəlişin, dövlətçilik şüurunun və gələcəyə inamın ideoloji dayağıdır. Memorial isə həmin yaddaşın daşlaşmış forması deyil, yaşayan milli kimliyin rəmzidir.
Eldəniz Zeynalov,
Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi


