AnalitikaGündəmSiyasət

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ikitərəfli münasibətlər

Siyasi, iqtisadi və humanitar sahələrdə dinamik şəkildə inkişaf edən, strateji maraqları və ortaq dəyərləri olan Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasındakı ikitərəfli münasibətlər uzunmüddətli qarşılıqlı etimada və beynəlxalq hüquqa sadiqlik prinsiplərinə əsaslanır.
Tarixə nəzər salsaq görərik ki, Azərbaycan və Serbiya oxşar strateji mərhələlərdən keçmişdir. Hər iki ölkə imperiya əsarəti altında olmuş, uzun bir sosialist quruluşu dövrü yaşamış, keçid dövrü və münaqişələrlə nəticələnən ağır tarixi sınaqlardan keçərək bir-birinin ərazi bütövlüyünə və Azərbaycanın Kosovo məsələsində, Serbiyanın isə Qarabağ məsələsində mövqeyi ilə beynəlxalq hüquq normalarına verdiyi dəstəklə tərəfdaşlıq, dostluq və qarşılıqlı hörmət prinsipləri üzərində möhkəmlənmişdir.
Nəhayət, hal-hazırda hər iki ölkə suverenlik yolunda inamla addımlayan, iqtisadiyyatını şaxələndirərək gücləndirən və beynəlxalq arenada fəallığı ilə diqqət çəkən müstəqil dövlətlər kimi oxşar inkişaf yolu keçir.
Serbiya ilə nəinki ikitərəfli, hətta çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. 1997-ci ilin 21 avqust tarixində qurulan Azərbaycan və Serbiya diplomatik əlaqələri müasir dövrdə milli maraqlara və müstəqil xarici siyasət kursuna əsaslanan yeni bir strateji inkişaf mərhələsinə daxil olub.
Diplomatik əlaqələrin 29-cu ildönümünə təsadüf edən 15 fevral 2026-cı il tarixli Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri Azərbaycan–Serbiya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsini açdı. Bu səfər və ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin daha da inkişafına, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə xidmət etdi.
Prezident Aleksandar Vuçiç ilə keçirilən təkbətək görüş zamanı tərəflər münasibətlərin mövcud vəziyyətini dəyərləndirib, böyük potensiala malik imkanların daha da inkişaf etdirilməsi üçün birgə vacib addımların atılmasının zəruriliyinə toxunublar.
Belqradda keçirilən Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının Serbiyanın milli bayramı – Dövlətçilik Günündə keçirilməsi görüşün əhəmiyyətini və Azərbaycanın Belqrad üçün yaxın dost ölkə olduğunu nümayiş etdirdi.
Bu iclas ikitərəfli əlaqələrin daha da gücləndirilməsi, prioritet sahələrin müəyyənləşdirilməsi və konkret layihələr üzrə əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Səfərin nəticəsi olaraq, Azərbaycan–Serbiya münasibətləri siyasi dialoqdan iqtisadi və enerji təhlükəsizliyi sahəsinə keçid edərək real əməkdaşlıq platformasına çevrildi.
İmzalanmış sənədlər sırasında iqtisadi əməkdaşlıq və ticarət əlaqələri, investisiyaların təşviqi və qorunması, energetika, nəqliyyat və logistika, müdafiə sənayesi, kənd təsərrüfatı və sənaye, humanitar və mədəni əməkdaşlıq sahələrini əhatə edən razılaşmalar yer alır. Birgə istehsal müəssisələrinin yaradılması, təhsil, elm, mədəniyyət və idman sahələrində əlaqələrin genişləndirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə xidmət edir. Xüsusilə, təhsil sahəsində həyata keçiriləcək birgə layihələr, tələbə mübadiləsi proqramları və mədəni tədbirlər iki ölkə arasında ictimai diplomatiyanın inkişafına təkan verəcəkdir.
Mövcud geosiyasi müstəvidə isə tərəflər beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi məsələlərində ortaq mövqedən çıxış etdiklərini bir daha bəyan etmişlər. Bu yanaşma həm Azərbaycan, həm də Serbiya üçün prinsipial əhəmiyyət daşıyır və qarşılıqlı dəstək münasibətlərin strateji xarakterini gücləndirir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, məqsədimiz həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır. Serbiya Prezidenti Aleksandar Vuçiç də öz bəyanatında Azərbaycanla əməkdaşlığın bundan sonra da inkişafına əminliyini ifadə etdi. Qlobal çağırışlar fonunda iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi qarşılıqlı maraqlara cavab verir. Bu münasibətlər yalnız dövlətlərarası əlaqələrlə məhdudlaşmır, eyni zamanda həmfikir xalqlar arasında dostluğun və tərəfdaşlığın inkişafına xidmət edir. Azərbaycan və Serbiya kimi ölkələrin güclü liderləri arasında formalaşmış səmimi və qarşılıqlı etimada əsaslanan şəxsi münasibətlər dövlətlərarası əlaqələrin hərtərəfli inkişafına da müsbət təsir göstərəcək. Liderlər arasında açıq və konstruktiv dialoq siyasi qərarların daha operativ qəbul olunmasına, strateji layihələrin reallaşmasına əlavə ​stimul​ verəcək. Prezident İlham Əliyevin 15–16 fevral 2026-cı il tarixlərində Serbiyaya rəsmi səfəri təyyarəsinin Serbiya hava məkanında bu ölkənin hərbi qırıcılarının müşayiəti ilə yüksək səviyyəli hərbi qarşılanma ilə, həmçinin, rəsmi qarşılanma mərasimində Serbiya Prezidenti Aleksandar Vuçiçin Azərbaycan dövlət başçısını “Serbiyanın səmimi dostu” adlandırması, iki ölkə arasındakı strateji tərəfdaşlığın yeni mərhələyə keçməsi, əlaqələrin institusional səviyyədə möhkəmlənməsinin göstəricisi olan Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsi, enerji sahəsində yeni layihə: Serbiya ərazisində Azərbaycanla birgə 500 MVt gücündə qaz-elektrik stansiyasının inşası barədə razılıq əldə olunması kimi mühüm iqtisadi razılaşmalarla yadda qaldı.

Sevinc Rəsulova,
Yeni Azərbaycan Partiyası Bakı Şəhəri üzrə Təhsil İdarəsi
İlk Partiya Təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button