AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına səfəri

Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasına rəsmi səfər edib. Səfər çərçivəsində dövlət başçısı Serbiya Prezidenti Aleksandar Vuçiç ilə təkbətək və geniş tərkibdə görüşlər keçirib, daha sonra isə mətbuata birgə bəyanatla çıxış ediblər. Prezident İlham Əliyev öz bəyanatında Azərbaycan ilə Serbiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu, iki ölkəni möhkəm dostluq və tərəfdaşlıq əlaqələrinin birləşdirdiyini vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Serbiya arasında siyasi dialoq son illər ərzində intensiv xarakter alıb və bu dialoq qarşılıqlı səfərlər, imzalanan sənədlər və həyata keçirilən layihələr vasitəsilə daha da möhkəmlənib. Prezident İlham Əliyevin sözlərinə görə, Serbiya Balkan regionunda Azərbaycanın əsas və etibarlı tərəfdaşlarından biridir və bu münasibətlər qarşılıqlı hörmət, etimad və dostluq prinsiplərinə əsaslanır.
Bəyanatda enerji sahəsində əməkdaşlıq xüsusi vurğulanıb. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan qazının Serbiya bazarına çıxarılması iki ölkə arasında strateji əməkdaşlığın mühüm göstəricisidir. Bu addım Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, eyni zamanda Avropanın enerji xəritəsində Azərbaycanın rolunun artmasına xidmət edir. Dövlət başçısı gələcəkdə qaz tədarükünün həcminin artırılması, həmçinin bərpaolunan enerji sahəsində birgə layihələrin həyata keçirilməsi imkanlarının müzakirə edildiyini də diqqətə çatdırıb.
Prezident İlham Əliyev iqtisadi əlaqələrin genişləndirilməsinin də prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. O bildirib ki, ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin reallaşdırılması, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlıq iki ölkənin iqtisadi potensialının daha səmərəli istifadəsinə imkan yaradacaq. Azərbaycan şirkətlərinin Serbiyada, Serbiya şirkətlərinin isə Azərbaycanda fəaliyyətinin təşviq edilməsi qarşılıqlı maraqlara cavab verir.
Bəyanatda humanitar sahədə əməkdaşlıq da xüsusi yer tutub. Prezident İlham Əliyev təhsil, mədəniyyət, turizm və gənclər siyasəti sahələrində əlaqələrin inkişafının xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. Tələbə mübadiləsi proqramları, mədəni tədbirlər və birgə layihələr iki ölkə vətəndaşları arasında qarşılıqlı anlaşmanı daha da dərinləşdirəcək.
Sonda Prezident İlham Əliyev Serbiya tərəfinə göstərilən qonaqpərvərliyə görə təşəkkür edib və əminliyini bildirib ki, bu səfər Azərbaycan–Serbiya münasibətlərinin tarixində yeni və daha məhsuldar mərhələnin başlanğıcı olacaq. Dövlət başçısının sözlərinə görə, əldə olunmuş razılaşmalar və imzalanmış sənədlər iki ölkə arasında strateji tərəfdaşlığın daha da güclənməsinə, regionda sabitlik və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcək.

Əlizadə Günel,
Yeni Azərbaycan partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button