
ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri və Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat iki ölkə münasibətlərində keyfiyyətcə yeni dövrün başlandığını göstərir. Bu səfər Azərbaycan–ABŞ əməkdaşlığının institusional əsaslara keçidinin təsdiqidir.
İmzalanmış Strateji Tərəfdaşlıq Xartiyası münasibətləri konkret istiqamətlər üzrə sistemləşdirir. Sənəddə suverenlik, ərazi bütövlüyü və qarşılıqlı hörmət prinsiplərinin bir daha təsdiqlənməsi Azərbaycanın milli maraqlarının beynəlxalq səviyyədə dəstəkləndiyini göstərir. Bu, ölkəmizin artan geosiyasi çəkisinin real ifadəsidir. Enerji, tranzit və regional bağlantılar məsələsi tərəfdaşlığın əsas sütunlarından biridir.
Azərbaycan artıq Avropa və daha geniş coğrafiya üçün etibarlı enerji təminatçısıdır. Trans-Xəzər dəhlizi və TRIPP kimi layihələr isə ölkəmizi qlobal ticarət marşrutlarının mühüm həlqəsinə çevirir. Bu layihələr iqtisadi dividendlərlə yanaşı, regionda sabitliyin möhkəmlənməsinə də xidmət edir.
Eyni zamanda təhlükəsizlik, müdafiə sənayesi, antiterror əməkdaşlığı və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi münasibətlərin strateji xarakterini daha da gücləndirir. Süni intellekt və rəqəmsal infrastruktur istiqamətində nəzərdə tutulan layihələr isə Azərbaycanın gələcək inkişaf modelinin texnologiya və innovasiyaya söykənəcəyini göstərir.
Beləliklə, Vitse-prezidentin səfəri və imzalanan Xartiya Azərbaycan–ABŞ münasibətlərini yeni mərhələyə daşıyır. Bu mərhələ qarşılıqlı maraqlara əsaslanan, regional sülhü və iqtisadi inkişafı hədəfləyən uzunmüddətli strateji tərəfdaşlıq dövrüdür.
Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



