Rusiya XİN Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib.
Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, nazirlik diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini bildirib.
“Azərbaycan tərəfinə dərin hüznlə başsağlığı veririk. Daxil olan məlumata əsasən, bu gün səhər avtomatla silahlanmış şəxs diplomatik missiyanın binasına daxil olaraq atəş açıb. Nəticədə Azərbaycan diplomatik missiyasının bir əməkdaşı həlak olub, onun iki həmkarı xəsarət alıb. Hücum edən şəxs Tehran polisi tərəfindən saxlanılıb, araşdırma aparılır”, – deyə məlumatda bildirilir.
Moskva ümid edir ki, bütün günahkarlar məsuliyyətə cəlb olunacaqlar.
Rusiya XİN-in məlumatında qeyd olunur ki, “Baş verənlər 1961-ci il 18 aprel tarixli Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq dövlət hakimiyyət orqanları tərəfindən diplomatik nümayəndəliklərin təhlükəsiz fəaliyyətinin təmin edilməsinin vacibliyini bir daha təsdiqləyir”.