
20 yanvar 2026-cı ildə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev “Euronews” televiziyasına geniş müsahibə vermişdir. Bu müsahibədə Prezident regional və qlobal problemlər, beynəlxalq hüquq normlarının vəziyyəti, Azərbaycanın suverenliyi və təhlükəsizliyi kimi mövzular ətrafında fikirlərini açıq şəkildə ifadə etmişdir.
Müsahibənin əsas mövzularından biri beynəlxalq hüquq normlarının müasir dünyadakı vəziyyəti olmuşdur. Prezident İlham Əliyev qeyd etmişdir ki, “beynəlxalq hüquq normları artıq bütün beynəlxalq icma aktorları üçün mütləq deyil”. O, Azərbaycanın bu vəziyyətdən çıxardığı nəticələri vurğulayaraq, ölkənin strateji hədəfinin milli maraqlara əsaslanan nəticələr əldə etmək olduğunu bildirib. “Biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, amma özümüzün doğru hesab etdiyimizi edirik”, deyərək Prezident Azərbaycanın siyasi inkişafı və ərazi bütövlüyünün bərpası proseslərinin beynəlxalq hüquq və ümumi dəyərlərlə uyğun olduğunu qeyd etmişdir.
Müasir beynəlxalq münasibətlərin yeni dövrə girdiğini vurğulayan İlham Əliyev, bu dövrdə “hüquq hakimiyyəti deyil, güc qaydası” üstünlük təşkil etdiyini bildirmişdir. O, bunun müxtəlif bölgələrdə göründüyünü və hər ölkənin öz öhdəliklərini yerinə yetirməsi lazım olduğunu bildirib. Azərbaycanın bu yeni reallıqda öz mövqeyini möhkəmləndirməsi, xüsusilə Qarabağda suverenliyin bərpası ilə bağlı nailiyyətlərlə əlaqələndirib. Prezident qeyd edib ki, Azərbaycan müstəqillik tarixində heç vaxt sülh içində yaşamamış, lakin indi bu sülh və sabitlik fürsətindən istifadə edir. Ölkəmiz təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikdir. Azərbaycanın bir çox Avropa ölkəsi ilə yaxşı münasibətləri var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Azərbaycan üçün isə bu, bazarda ehtiyatlarını satmaq fürsətidir. Bu gün Azərbaycan öz təbii qazını təkcə Avropaya satmır, bu yaxınlardan artıq Suriyaya da qaz ixracına başlanılıb. Ölkə başçısı bu zaman qiymət baxımından Avropa bazarının daha sərfəli olduğunu vurğulayıb.
Həmçinin müsahibədə Avropa Parlamenti ilə olan münasibərlərə də toxunulub. Müxbirin Azərbaycanın Avropa Parlamenti tərəfindən daimi tənqidinə münasibətiniz sualına isə ölkə başçısının cavabı qısa, konkret və müxbirin də vurğuladığı kimi diplomatik olub – “Biz artıq buna reaksiya vermirik”.
Azərbaycan artıq uzun illərdir ki, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırıb. Bu gün ölkəmiz Avropa Komissiyası ilə əməkdaşlıq edir. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır”.
Müsahibədə xüsusi vurğulanıb ki, 2025-ci ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflanıb. “Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər” – deyə ölkə başçısı müsahibəsini yekunlaşdırıb. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan bölgədə sabitlik, qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə sadiq qalır. Bu prinsip, yalnız siyasi və diplomatik sahədə deyil, həmçinin iqtisadi, nəqliyyat və mədəni əməkdaşlıq sahələrində də özünü göstərir. Prezidentin sözlərinə görə, Azərbaycanın təşəbbüsləri Qafqazda davamlı inkişafın və regional əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda, bu siyasət digər dövlətlər üçün nümunədir və göstərir ki, güc, diplomatiya və tərəfdaşlıq prinsiplərinin düzgün və balanslı istifadəsi uzunmüddətli sülhün təmin olunmasında əsas rol oynayır.
Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası,məsləhətçi



