AnalitikaGündəmSiyasət

Azərbaycanın investor üçün cazibəsi: orta sinif, şəhərsalma və təhlükəsizlik

Davosda “Euronews”un təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” tədbirində müzakirə olunan mövzulardan biri Azərbaycanın daxili sosial-iqtisadi dəyişikliklərinin investisiya mühitinə təsiri idi. Xüsusilə daşınmaz əmlak, şəhərsalma və orta seqmentin genişlənməsi ilə bağlı suallar beynəlxalq auditoriyanın diqqət mərkəzində oldu. Prezident İlham Əliyevin cavabları göstərdi ki, investor üçün cazibədar mühit yalnız təbii resurslar və ya böyük layihələrlə ölçülmür. Əsas meyarlar sosial sabitlik, təhlükəsizlik, alıcılıq qabiliyyətinin yüksəlməsi və uzunmüddətli perspektivdir.

Prezidentin çıxışında işsizlik və yoxsulluqla mübarizənin prioritet olaraq götürüldüyü, nəticədə hər iki göstəricinin beş faiz səviyyəsinə endirildiyi vurğulandı. Bu fakt birbaşa olaraq orta seqmentin genişlənməsinə və cəmiyyətin daha stabil iqtisadi təbəqəyə doğru hərəkətinə şərait yaradıb. Orta seqmentin genişlənməsi isə bazarın ən sağlam göstəricilərindən biri hesab olunur: həm daxili istehlak artır, həm də şəhər infrastrukturu yeni tələblərə uyğun formalaşır.

Bu kontekstdə Bakıda həyata keçirilən irimiqyaslı şəhərsalma layihələri xüsusi yer tutur. Prezident “Ağ Şəhər” layihəsini “şəhərin içində olan bir şəhər” kimi təsvir etdi. Gələcək illərdə burada təxminən 50 min insanın məskunlaşacağı planlaşdırılır. Bu, sadəcə yaşayış kompleksi deyil, yeni urban ekosistem deməkdir: yol infrastrukturu, sosial xidmətlər, ticarət məkanları, parklar və ictimai zonalar. Bu kimi layihələr Bakının müasir şəhər modelinə uyğunlaşmasının göstəricisidir və həm yerli, həm də xarici investorların diqqətini cəlb edir.

Digər mühüm layihə isə turizm məkanı kimi tanınan “Sea Breeze”dir. Prezidentin sözlərinə görə, bu layihə artıq 6 kilometrdən çox sahə boyunca uzanır və daha da böyüyəcək. Tərkibində əyləncə obyektləri, hotellər və yaşayış binaları olan bu model həm turizmin, həm də daşınmaz əmlakın bir-birini gücləndirməsinə səbəb olur. Bu sinerji investor üçün daha cəlbedici olur, çünki gəlir mənbələri yalnız satışla məhdudlaşmır, həm də xidmət sektorundan gələn davamlı gəlir yaradır.

Maraqlı məqamlardan biri satış statistikasının açıqlanması idi: mənzil və ev alanların 70 faizindən çoxu yerlilərdir. Bu göstərici iki vacib mesaj verir. Birincisi, yerli bazarın alıcılıq qabiliyyəti artıb və insanlar uzunmüddətli maliyyə qərarları verə bilir. İkincisi, bu cür layihələrin yerli əhali üçün real ehtiyac olduğunu və bazarın süni şəkildə şişirdilmədiyini göstərir. Eyni zamanda, Prezident vurğuladı ki, Bakı və Azərbaycan əcnəbilər üçün də cəlbedici məkana çevrilib. Çünki investorlar bu gün daha çox təhlükəsiz və sabit ölkələr axtarır.

Təhlükəsizlik və rahatlıq aspekti yalnız iqtisadi faktor deyil, həm də sosial mühitlə bağlıdır. Prezident multikulturalizm, mədəni və etnik müxtəliflik, müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı hörmətin Bakıda çox müsbət atmosfer yaratdığını qeyd etdi. Bu mühit nəticəsində insanlar burada yaşamaq, ev almaq, yay tətilini keçirmək və investisiya yatırmaq istəyir. Xüsusilə daşınmaz əmlak sektorunda tikinti mərhələsində investisiya edib, layihə tamamlanandan sonra daha yüksək qiymətə satmaq perspektivi investorlar üçün klassik gəlir modelidir.

İqtisadi inkişafla bağlı Prezidentin vurğuladığı digər mühüm element qeyri-neft sektorunun artması idi. Qeyri-neft sektoru 2 faizdən çox artıb, neft-qazla əlaqəli olmayan sənaye isə 5,5 faiz böyüyüb. Bu göstəricilər iqtisadiyyatın yalnız resurs gəlirlərinə əsaslanmadığını, daxili istehsalın və xidmət sektorunun da inkişaf etdiyini nümayiş etdirir. Prezident üçün bu statistikalar əsas göstəricilər kimi dəyərləndirilir.

Azərbaycanın investor üçün cazibəsi bir neçə təməl üzərində qurulur: sosial sabitlik, genişlənən orta sinif, irimiqyaslı şəhərsalma layihələri, təhlükəsiz və tolerant mühit, eləcə də diversifikasiya olunan iqtisadi artım. Davosda verilən mesaj budur: Azərbaycan yalnız sərmayə cəlb edən ölkə deyil, sərmayənin dayanıqlı gəlirə çevrildiyi məkandır. Bu yanaşma həm yerli bazarın güclənməsinə, həm də beynəlxalq investorların daha uzunmüddətli tərəfdaşlığa marağına xidmət edir.

Elman Məmmədov,
Ərazi Partiya təşkilatıının sədr müavini, RTTTYM PHŞ-da Texniki Dəstək bölmə müdiri

Oxşar Xəbərlər

Back to top button