AnalitikaDünyaGündəmSiyasət

Prezident İlham Əliyev 20 yanvar 2026-cı ildə Davosda “Euronews” televiziyasına verdiyi müsahibədə diqqət çəkən məqamlar

Bildiyimiz kimi, 2026-cı il yanvarın 20-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib. Dövlət başçısı müsahibədə beynəlxalq münasibətlərdə baş verən dəyişikliklər, Cənubi Qafqazda formalaşan yeni reallıqlar və Azərbaycanın regional və qlobal siyasəti ilə bağlı fikirlərini bölüşüb və Azərbaycanın mövqeyi barədə danışıb. Ölkə başçısı bildirib ki, müasir dövrdə beynəlxalq hüquq normaları artıq bütün ölkələr üçün mütləq xarakter daşımır. Onun sözlərinə görə, beynəlxalq münasibətlər yeni mərhələyə qədəm qoyub və bu mərhələdə vəziyyəti daha çox güc faktoru müəyyən edir. Məhz bu reallıqları nəzərə alan Azərbaycan öz strategiyasını milli maraqlar əsasında qurub və bütün addımlarını beynəlxalq hüquqa uyğun şəkildə atıb. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası da bu prinsipə əsaslanır.

Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini Qafqazda sülhün bərqərar olunması istiqamətində göstərilən səylərə verilən beynəlxalq qiymət kimi dəyərləndirib. O qeyd edib ki, Cənubi Qafqaz uzun illər davam edən münaqişə və müharibələrdən sonra yeni inkişaf mərhələsinə qədəm qoyur. Dövlət başçısının sözlərinə görə, Azərbaycan və Ermənistan arasında münasibətlər artıq əməkdaşlıq müstəvisinə keçməkdədir və bu proses regionda sabitliyin möhkəmlənməsinə xidmət edir.

Ölkədaxili təhlükəsizlik məsələlərinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda daxili sabitliyə yönəlik risklər mövcud deyil və bütün potensial təhlükələr əsasən xarici amillərlə bağlıdır. Dövlət başçısı vurğulayıb ki, regionda sülh, sabitlik və proqnozlaşdırıla bilən mühit hər bir ölkə üçün ən böyük dəyərdir. Günü-gündən möhkəmlənən və artan enerji potensialı sayəsində Azərbaycanın Cənubi Qafqazın əsas enerji təchizatçısı olduğunu bildirib. Hazırda Azərbaycan 16 ölkəyə, o cümlədən Avropa İttifaqına üzv 10 ölkəyə təbii qaz ixrac edir. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan boru kəməri qazının coğrafi əhatəsinə görə dünyada aparıcı mövqedədir və Avropa ilə enerji əməkdaşlığı davamlı şəkildə genişlənir.

Avropa Parlamenti ilə münasibətlərə dair fikrini bildirən cənab Prezident qeyd edib ki, bu qurumun Azərbaycana qarşı qərəzli mövqeyinə artıq reaksiya verilmir. Dövlət başçısı bildirib ki, Azərbaycan Avropa Komissiyası ilə əməkdaşlığı davam etdirir və bu əməkdaşlıq qarşılıqlı maraqlara əsaslanır. Dövlət başçısının Davosda “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın müasir qlobal çağırışlar fonunda formalaşdırdığı müstəqil və balanslaşdırılmış siyasətinin təqdimatı kimi qiymətləndirilir.

Xəyalə Allahverdiyeva,
Xəzər rayonu 185 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button