AnalitikaGündəmSiyasət

20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq və milli şücaət günüdür

20 Yanvar 1990-cı il Azərbaycan tarixində unudulmaz bir gündür. Bu tarix xalqımızın azadlıq və müstəqillik uğrunda göstərdiyi misilsiz qəhrəmanlığın rəmzidir. O gecə Sovet ordusunun Bakıya yeridilməsi nəticəsində qadın, uşaq və qoca fərqi qoyulmadan dinc vətəndaşlar amansızcasına qətlə yetirildi.

Hadisələrə aparan yol 1987-ci ildən başlamışdı. Azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından deportasiyası, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri və milli gərginliyin artması Sovet rəhbərliyinin amansız siyasətinə zəmin yaratdı. Yanvarın ortalarında Bakıya gətirilən 66 mindən çox hərbi qulluqçu şəhərin strateji məntəqələrinə yerləşdirildi və nəticədə 20 Yanvar faciəsi baş verdi.

Ulu Öndər Heydər Əliyevin mövqeyi bu hadisələrin tariximizdə düzgün qiymətləndirilməsində həlledici oldu. O, yanvarın 21-də Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla həmrəylik nümayiş etdirdi, faciəyə hüquqi və siyasi qiymət verdi və bu hadisəni milli azadlıq və ləyaqət uğrunda qurbanların verildiyi əvəzsiz səhifə kimi səciyyələndirdi. Onun təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verdi. Prezident İlham Əliyev isə şəhidlərin xatirəsinin qorunmasına və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə davam edir. Şəhidlər Xiyabanı yenidən qurulmuş, abidələr ucaldılmış, 20 Yanvar hadisələrində əlilliyi müəyyən edilmiş şəxslər və ailələrinə dövlət qayğısı göstərilmişdir. Hər il yanvarın 20-də bütün ölkədə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir, bayraqlar endirilir və xalqımız qəhrəman övladlarını ehtiramla anır.

20 Yanvar faciəsi milli birlik, vətənpərvərlik və azadlıq uğrunda mübarizənin simvoludur. Xalqımızın birliyi və iradəsi Sovet tanklarına qalib gəldi, azadlıq uğrunda canından keçən şəhidlərimizin fədakarlığı Azərbaycan tarixində əbədiləşdi. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin qətiyyətli liderliyi sayəsində bu faciə hüquqi və mənəvi müstəvidə düzgün qiymətləndirildi və gələcək nəsillərə örnək oldu.

Bu gün 20 Yanvar yalnız kədər günü deyil, həm də Azərbaycan xalqının qəhrəmanlıq və milli şücaət günüdür. Biz şəhidlərimizin xatirəsini yad edir, onların ruhu qarşısında baş əyir və gələcəkdə də azadlıq və müstəqillik uğrunda göstərdikləri fədakarlığı daim yad edəcəyik.

Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button