İcma sədri: Son 200 ildə Qərbi azərbaycanlılar Ermənistanın soyqırımına məruz qalıblar
Ötən il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşdə İcma qarşısında bir neçə vəzifələr qoydu. Həmin vəzifələrdən birincisi Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması məsələsi oldu. Biz son bir ayda Konsepsiya üzərində iş gördük. Konsepsiyanın layihəsi Qərbi Azərbaycan İcmasının İdarə Heyəti tərəfindən məqbul sayılıb və bu gün İcmasının Müşahidə Şurası Qayıdış Konsepsiyasını təsdiqləyib.
Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli bildirib.
“Qərbi Azərbaycan İcmasının Nizamnaməsinə uyğun olaraq bu sənəd təsdiqlənməsi üçün Müşahidə Şurasına təqdim olundu. Müşahidə Şurasının iclasında həmin sənəd qəbul edilib”, – deyə Ə.Ələkbərli qeyd edib.
Onun sözlərinə görə, son 200 ildə Qərbi azərbaycanlılar Ermənistan tərəfindən etnik təmizləmələrə, deportasiyalara, soyqırımlarına məruz qalıblar. Bu proses 19-cu və 20-ci əsrlər boyu davam edib. Sonuncu deportasiya zamanı Qarabağ münaqişəsinin ilk mərhələsində 1987-1991-ci illərdə Qərbi Azərbaycanın 300-ə yaxın yaşayış məntəqəsindən 300 minə yaxın azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qovulub.
Ə.Ələkbərli bildirib ki, təkcə sonuncu deportasiya zamanı 1987-1991-ci illərdə 300-ə yaxın məscid, 500-ə yaxın qəbiristanlığımız ermənilər tərəfindən dağıdılıb.