
Ayrı-ayrı ölkələri işğal və əsarət altında saxlayan imperiyalar nə qədər güclü olsalar belə, qılınc və zor gücünə birləşdirilmiş xalqlar tarixin bu və digər mərhələsində azadlıqları uğrunda mübarizəyə qalxır, suverenliklərini əldə edərək öz dövlətlərini qururlar. İmperiyanın süqutunu görən rəhbərlər belə olan halda prosesin qarşısını almaq üçün bütün vasitələrdən istifadə edir, hətta qan axıtmaqdan, zor tətbiq etməkdən belə çəkinmirlər.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş qətliamlar da bu qəbildən idi. Tarixin sınağından uğursuz çıxmış kommunizim sisteminin iflasa uğramasının fərqinə varmayan SSRİ rəhbərliyi ötən əsrin 80-ci illərinin sonlarında milli azadlıq hərəkatına qalxmış Azərbaycan xalqının əzmini qırmaq üçün ən qəddar üsullardan istifadə edərək tarixin böyük faciələrindən birini törətdi. Nəticədə yüzlərlə insan şəhid, əlil və şikəst oldu. Lakin milli azadlıq uğrunda mübarizəyə qalxanlar öz məqsədlərinə- Azərbaycanın müstəqilliyinin əldə edilməsinə nail oldular.
Bakıda törədilən qanlı qırğından sonra onu və doğmalarını izləyən ağır təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Heydər Əliyev Sovet rəhbərliyinin Bakıda keçirdiyi vəhşiliyə qarşı kəskin bəyənat verdi. M.Qorbaçovun birbaşa göstərişi ilə tökülən qanlara etiraz etdiyini, insanların azadlıq istəyinin məhv edilməsinin mümkünsüzlüyünü söylədi. Bu, təkcə Azərbaycan xalqına deyil, SSRİ məkanında azadlıq eşqi ilə yaşayan bütün xalqlara dəstək idi.
Heydər Əliyevin həmin bəyanatı bütün dünyada geniş əks-səda doğurdu.Bu dahi insanın M.Qorbaçovun ünvanına söylədiyi ittihamlar təkcə Bakıda deyil, Tbilisi, Vilnüs, Riqa və digər şəhərlərdə də hörmət və ehtiramla qarşılanmış, Ulu Öndərimizin bu aydın mövqeyi o dövrün siyasi təlatümlərindən çaşqın vəziyyətə düşən milyonlarla insan üçün aydın bir istiqamətə çevrilmişdi.
Bir müddətdən sonra Heydər Əliyev Sov.İKP sıralarını tərk etdi və Azərbaycan xalqının ən çətin anlarında Moskvadan doğma vətəninə qayıtmağı vacib saydı.
Azərbaycanın siyasi tarixində özünə parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda deputat, sonralar muxtar respublikanın rəhbəri kimi fəaliyyət göstərməsi buradan başlanan müstəqillik yolunun bütövlükdə Azərbaycan siyasi mühitində aparıcı istiqamətə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.
1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması ilə həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı. Bu gün Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri görülür.
Amma və lakin heç nə unudulmur, heç bir şey yaddan çıxmır. Hər il 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur.
Əyyub Əliyev,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



