AnalitikaGündəmSiyasət

Enerji və Su Təhlükəsizliyi: Azərbaycan Dövlətinin Strateji Addımları

Bu gün Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə nümunə göstərilir. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması fonunda Azərbaycanın hərtərəfli inkişafına yönələn kompleks tədbirlər həyata keçirilir. Aparılan kompleks islahatlar ölkəmizə dünyada ən islahatçı ölkə imicini qazandırıb. Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirirlər. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atdığı davamlı addımlar “Biz neft kapitalını insan kapitalına çevirməliyik!” çağırışının reallıqda öz təsdiqini tapmasının göstəricisidir.

Ölkəmizdə son illər ərzində genişmiqyaslı infrastruktur layihələri icra edilmişdir, həm Bakıda, həm bütün bölgələrdə. İyirimi il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilmişdir. Hər proqram beş ili əhatə edirdi və proqramlar uğurla icra olundu. Biz bunun nəticəsində əsas infrastruktur məsələlərini həll etdik. İlk növbədə elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə etmişdir. Tamamilə yeni mərhələyə qədəm qoyduq. Bu yaxınlarda yeni külək elektrik stansiyasının açılışında bu məsələyə bir qədər toxundum, bu gün bizim enerji generasiya gücümüz tələbatımızdan daha artıqdır. Hətta biz elektrik enerjisini ixrac edirik. Vaxt var idi ki, bu məsələ ilə bağlı ciddi problemlər mövcud idi, enerji qıtlığı mövcud idi. Biz hətta xaricdən elektrik enerjisini idxal etməyə məcbur idik. Bu gün isə görülmüş tədbirlər nəticəsində həm generasiya gücləri yaradıldı, – hazırda təqribən 10 min meqavata yaxındır, – eyni zamanda, yarımstansiyalar, ötürücü xətlər, paylayıcı şəbəkə – bütün bu məsələlər vahid sistem halına salınmışdır. Vaxtilə bu sahədə qüsurların böyük hissəsi aradan qaldırılmışdır. Biz bu gün nəinki öz enerji tələbatımız haqqında, – bu məsələ həll edilmiş hesab olunur, – ixrac yolları haqqında düşünürük və nəinki düşünürük, onları biz yaradırıq.

Prezident İlham Əliyev ölkəmizin su təhlükəsizliyinin təmin olunmasını milli təhlükəsizliyin strateji tərkib hissəsi kimi daim diqqət mərkəzində saxlayır. Qlobal iqlim dəyişikliyinin yaratdığı su qıtlığı risklərinə qarşı dövlət başçısının tapşırığı ilə hazırlanan sistemli tədbirlər planı su ehtiyatlarından qənaətlə istifadə və itkilərin qarşısının alınması üçün müasir texnologiyaların tətbiqini sürətləndirib. Xüsusilə dəniz suyunun duzsuzlaşdırılması zavodunun inşası, Xəzər dənizindən alternativ mənbə kimi istifadə edilməsi istiqamətində atılan addımlar ölkə rəhbərliyinin bu sahədəki uzunmüddətli və uzaqgörən siyasətinin bariz nümunəsidir. Dövlətin bu prioritet yanaşması təkcə mövcud problemlərin həllini deyil, həm də gələcək nəsillərin dayanıqlı su təminatını və ekoloji tarazlığın qorunmasını hədəfləyir. Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsi də əsas məqsədlərdəndir.

Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə Prezident İlham Əliyev bir daha bu məqamlara xüsusi diqqət yönəldərək bildirdi ki, hər proqram beş ili əhatə edirdi və proqramlar uğurla icra olundu.

İçməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapmışdır. Bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir. Bizim su mənbələrinin təqribən dörddəbir hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır. Bu su mənbələrinin üstünlüyü də odur ki, bunların əksəriyyəti Azərbaycan ərazisində formalaşır. Beləliklə, son illərdə həyata keçirilən ardıcıl institusional islahatlar, genişmiqyaslı infrastruktur layihələri və rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi ölkədə su ehtiyatlarının idarə olunmasını keyfiyyətcə yeni mərhələyə yüksəldib. İdarəetmədə pərakəndəlik aradan qaldırılıb, su ehtiyatlarının vahid mərkəzdən koordinasiyası üçün sağlam hüquqi baza formalaşdırılıb. İqlim dəyişikliklərinin yaratdığı çağırışlar fonunda su təhlükəsizliyinin təmin edilməsi artıq yalnız texniki məsələ deyil, milli təhlükəsizlik və dayanıqlı inkişafın əsas komponentlərindən biri kimi ön plana çıxıb.
Beləliklə, innovativ yanaşmalar və sistemli layihələr Azərbaycanı regionun su resurslarını ən səmərəli idarə edən dövlətlərindən birinə çevirməkdədir.

Məmmədova Nazilə,
Xəzər rayonu, 120 nömrəli tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button