
2026-cı il yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi böyük əhəmiyyətə malikdir. Proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək. Bu proqramın əsas məqsədi Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir.
Proqramın icrası nəticəsində yeni su anbarları tikilməlidir. Onların sayı 30-a yaxın olacaq. Bu da çox böyük, genişmiqyaslı infrastruktur layihələridir. Sayğaclaşdırma 100 faizə çatdırılmalıdır. Bu gün fasiləsiz içməli su ilə təmin olunan əhali 70 faiz təşkil edir. Proqramın icrası nəticəsində bunun 95 faizə çatacağı nəzərdə tutulur. Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacağına imkan yaranacaq. 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaq.
Qeyd edə bilərik ki, həm Bakıda, həm bütün bölgələrdə son illər ərzində genişmiqyaslı infrastruktur layihələri icra edilmişdir, 20 il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilmişdir. Hər proqram beş ili əhatə edirdi. Bu proqramlar uğurla icra olunmuş və nəticədə əsas infrastruktur məsələlərini həll edilmişdir. İlk növbədə elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə etmişdir. Azərbaycanda yeni külək elektrik stansiyası açılmışdır. Bu gün bizim enerji generasiya gücümüz tələbatımızdan daha artıqdır. Hətta ölkəmiz elektrik enerjisini ixrac edir. Vaxt var idi ki, bu məsələ ilə bağlı ciddi problemlər mövcud idi, enerji qıtlığı mövcud idi. Biz hətta xaricdən elektrik enerjisini idxal etməyə məcbur idik. Bu gün isə görülmüş tədbirlər nəticəsində bu sahədəki qüsurların böyük hissəsi aradan qaldırılmışdır.
Azərbaycanda əhalinin 96 faizi bu gün təbii qazla təchiz edilib. Bu da son 20 il ərzində aparılan infrastruktur layihələri arasında xüsusi yer tutan məsələdir. Çünki vaxtilə bizim qaz təchizatımız daxili tələbatı ödəməyə imkan vermirdi. Biz qazı da xaricdən idxal edirdik və böyük çətinliklərlə üzləşirdik. Bu gün dünyanın 10-dan çox ölkəsi Azərbaycan təbii qazını alıb öz enerji təhlükəsizliyini gücləndirir.
İçməli su və suvarma layihələri də ölkəmizdə həmişə diqqət mərkəzində olub. Bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapmışdır. Bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür. Bir çox ölkələr artıq bundan ciddi zərər görür. Ölkəmizdə su təhlükəsizliyi ilə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır. Dövlətimizin məqsədi əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etməkdir, su mənbələrini qorumaqdır, su anbarlarının potensialını artırmaqdır və mövsüm gələndə suları yığmaqdır ki, sonra il boyunca onlardan istifadə edə bilək. Azərbaycanda son 20 il ərzində dörd böyük su anbarı inşa edilmiş və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd etmək lazımdır. “Taxtakörpü” su anbarı Samur çayının sularını “Ceyranbatan” su anbarına yığmağa və orada ehtiyat yaratmağa imkan verdi. O cümlədən “Ceyranbatan” su anbarı tamamilə yenidən qurulmuşdur, yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilmişdir.
Bu gün dövlətimiz azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edir. Son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Onların arasında, ilk növbədə “Sərsəng” su anbarını qeyd edilməlidir. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Su lazım olan aylarda kəsilirdi, ondan sonra buraxılırdı və bu, böyük daşqınlara səbəb olurdu. Yəni, əslində, Ermənistan dövləti su terroru həyata keçirirdi. Bu gün isə “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda – Füzuli rayonunda “Köndələnçay” – üç su anbarı yenidən qurulub, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının –“Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur.
Digər əsas problemlərdən biri həm də su itkiləri ilə bağlıdır və itkilər təqribən 40-45 faizdir. Əgər itkilər aşağı səviyyədə olsaydı, hətta mövcud su ehtiyatı bizə bu gün kifayət edərdi. Əhali və sənaye artımı nəticəsində suya tələbat da artır. Ona görə də su itkilərinin kəskin azaldılması əsas məsələlərdən biridir. Proqramın icrası nəticəsində su itkiləri kəskin azalmalıdır. Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulması nəzərdə tutulur. Bu gün kanalizasiya xidməti göstərilən əhali cəmi 50 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu 95 faizə çatdırılmalıdır. Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır. Düzdür, bu, təkcə Bakıda, Azərbaycanda deyil. Hətta ən inkişaf etmiş hər ölkənin şəhərlərində də daşqınlar adi hal alıb. Ona görə yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacağı planlaşdırılır.
Xəzər dənizinin çirklənməsi də gündəmdə olan əsas məsələlərdəndir. Xəzər dənizinin çirklənməsinin əsas amillərindən biri dənizə buraxılan sulardır. Ona görə burada da lazımi əlavə tədbirlər görülməsi və dənizə buraxılan suların 100 faiz təmizlənməsi planlaşdırılır. Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi və potensialının genişləndirilməsi də gündəlikdə duran məsələdir.
Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa edilməsi nəzərdə tutulur. Bu sırf xarici investisiyalar hesabına həyata keçiriləcək layihədir. Bu imkan verəcək ki, biz Bakıya və Abşeron yarımadasına gələn suların həcmini artıraq. Bizim Xəzər dənizinin suyu o qədər də duzlu deyil. Duzsuzlaşdırma nəticəsində əhali təmiz və keyfiyyətli içməli su ilə təmin ediləcək və eyni zamanda, suvarma üçün də böyük mənbə yaranacaqdır. Bu gün Bakıya beş mənbədən su daxil olur. Altıncı mənbə duzsuzlaşdırma zavodu olacaq. Son 20 il ərzində həyata keçirilən layihələrdən biri də tamamilə yenidən qurulmuş Oğuz-Qəbələ-Bakı su kəməridir. Əgər bu su kəməri tikilməsəydi, bu gün Bakıda su qıtlığı özünü çox ciddi şəkildə göstərmiş olardı.
Bu Proqramın icrası nəticəsində Azərbaycan içməli su mənbələrinin dayanıqlığını artıracaq, su şəbəkələrinin uçot sistemləri təkmilləşdiriləcək və alternativ su mənbələrindən istifadə ediləcəkdir.
Cəlilova Təranə,
Xəzər rayonu, E.Şəmiyev adına 149 №li tam orta məktəbin tarix müəllimi



