AnalitikaGündəmSiyasət

Azərbaycan: etibarlı tərəfdaş və regional körpü

Dövlət başçısı bir çox xarici və daxili məsələlərlə yanaşı, ölkənin iqtisadi durumuna dair fikirlərini geniş açıqlayıb. Prezident İlham Əliyev Mərkəzi Asiya-Azərbaycan birliyinin və C5-in C6-ya çevrilməsinin böyük əhəmiyyətinə önəm verərək, bu birliyin həm siyasi, həm də iqtisadi yönlərini vurğulayıb.
O, bu bağlantıların, nəqliyyatın və logistikanın bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıdığını, Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkənin Azərbaycan olduğunu qeyd edib. Prezident bildirib ki, coğrafi nöqteyi-nəzərdən digər marşrutlardan da istifadə oluna bilər. Lakin mövcud geosiyasi vəziyyəti nəzərə alaraq Qərb üçün alternativ marşrutların məqbul olmadığını vurğulayıb.
Dövlət başçısı Azərbaycanın rolunun, yəni canlı körpü və etibarlı tərəfdaş kimi, böyük layihələri icra edə bilən ölkə olaraq artacağını və bunun artıq praktik həyatda göründüyünü qeyd edib. O, ərazimizdən keçən yüklərin sayının artdığını, 100 000-dən çox konteynerin ölkə ərazisindən keçdiyini vurğulayıb və bunun iqtisadi əlaqələrimizin daha da genişləndiyini göstərdiyini bildirib. Prezident bu günə qədər görülən işlərin yalnız başlanğıc olduğunu, zaman keçdikcə bu
göstəricilərin dəfələrlə artacağını qeyd edib. Hazırda ölkəmizdə nəqliyyat infrastrukturu daha da inkişaf etdirilir və genişləndirilir.
“Halbuki hesab edirdik ki, yaratdığımız infrastruktur uzun illər ərzində bizə kifayət edəcək, ancaq görürük ki, yox. Ona görə əlavə vəsait qoyulur və qoyulacaq, burada təkcə yüklərdən söhbət getmir. Bildiyiniz kimi, 2024-cü ilin noyabrında Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri Bakıda enerji kabelinin tikintisi ilə bağlı müqavilə bağlamışlar. Yəni bu bağlantılar da olacaq, fiber-optik kabelin Xəzərin dibi ilə çəkilməsi və bir çox digər layihələr. Ona görə Azərbaycanı bu qrupa rəsmən qəbul etməklə Mərkəzi Asiya ölkələri, onların rəhbərləri həm bizə böyük hörmət göstərmiş oldular, həm də öz uzaqgörənliklərini nümayiş etdirdilər. Çünki bu, bölgədə olan geosiyasi vəziyyəti tamamilə dəyişir”, deyə Azərbaycanın dövlət başçısı bildirib.
Azərbaycanda enerji istehsalının sürətli və dünya standartlarına uyğun həyata keçirilməsi də günün aktual məsələlərindən hesab olunur. Bunun üçün Azərbaycan Çin şirkətlərinin bu istiqamətdə gördüyü işlərə böyük əhəmiyyət verdiyi üçün artıq bu ölkənin ən təcrübəli mərkəzləri ilə əməkdaşlığı daha da genişləndirmək fikrindədir. Prezident bu istiqamətdə ona ünvanlanan suala cavab verərək, ölkənin iqtisadi qüdrətinin yüksəlməsi istiqamətində Çin mütəxəssislərinin fəaliyyətindən danışıb.
“Artıq indi Çin şirkətləri bərpaolunan enerji mənbələrinə investisiyalar qoyur. Günəş, külək və elektrik stansiyalarının tikintisinə başlanılır və bu stansiyaların sayının artırılması üzrə müraciətlər var.
Günəş panellərinin istehsalı üzrə zavodun tikintisinə başlanılıb, elektrik avtobuslarının yığılmasına başlanılıb. Bununla bağlı deməliyəm ki, bu, Azərbaycan tərəfinin strateji qərarı olub. Çünki biz təkcə yaşıl energetikanı deyil, həm də yaşıl nəqliyyatı inkişaf etdirmək qərarına gəldikdə gündəmdə strateji tərəfdaş seçmək məsələsi dayandı və Çin şirkətlərini seçdik.
Bu seçim həmçinin artıq qeyd etdiyim razılaşmaların nəticəsi idi və təbii ki, layihənin icrasının peşəkarlığı, keyfiyyəti və sürəti bu seçimin düzgünlüyünü təsdiqlədi. Buna görə də Bakıda gördüyümüz yaşıl avtobusların bəziləri satın alındı və onların yığılmasına bu il başlanacaq, gələcəkdə isə lokallaşdırma artacaq”.
Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımıza nəhəng investisiya layihələrinin cəlb olunması və bölgənin yenidən qurularaq dünya standartlarına uyğunlaşdırılması üçün bütün səylərin birləşdirildiyini sözlərinə əlavə edib.“Nəhəng investisiya layihələrini və Qarabağın yenidən qurulmasını nəzərə alsaq, bu, həqiqətən iqtisadiyyatımızın güclü dayanıqlılığını nümayiş etdirir. İki aparıcı reytinq şirkəti bizim kredit reytinqimizi
yenilədi. Bunlar “Moody’s” və “Fitch” şirkətləri idi və burada reytinq investisiya səviyyəsi yenilənərək, proqnoz da sabitdən müsbətə doğru yenilənmişdir. Mən tamamilə əminəm ki, bizim kredit reytinqi üzrə göstəricimiz olduğundan daha aşağı qiymətləndirilir, çünki bizim böyük ehtiyatlarımız var, aşağı xarici borcumuz var, özünü təmin edən iqtisadiyyatımız var və hesab edirəm ki, bir çox digər amillər bizə daha yüksək reytinqə malik olmağa imkan verir. Bizim müvafiq dövlət təsisatları fəaliyyətimiz haqqında daha çox məlumat vermək üçün bu reytinq agentlikləri ilə çalışır ki, Azərbaycanın həqiqi reytinqi lazımi şəkildə əks olunsun. Çünki bu, təkcə prestij məsələsi deyil, baxmayaraq ki, belədir. Bu, həm də bizə, xüsusilə indi borc götürməyə qərar verdiyimiz bir dönəmdə daha yaxşı şərtlərlə borc götürməyə imkan verir. Odur ki, mən hökumətə borc götürməyi dayandırmağı tapşıranda hədəfim xarici borcu ÜDM-in 10 faizindən daha aşağı səviyyəyə gətirmək idi və indi o, ÜDM-in 6,3-6,4 faizini təşkil edir.
Əlbəttə ki, bu baxımdan daha çox vəsait regional inkişafa ayrılacaq. Bu gün bizim iki investisiya proqramımız var, biri ənənəvi proqramdır, digəri isə Qarabağ və Şərqi Zəngəzur üçündür. Hər ikisi yüksək səviyyədə icra olunaraq uğurla həyata keçirilir. Biz bağlılıq və nəqliyyat məsələlərində daha çox iş görməliyik. Artıq qeyd etdiyim kimi, mən düşünürdüm ki, dəniz limanları və dəmir yolları ilə bağlı gördüyümüz işlər bir çox illər üçün kifayət edəcək. İndi isə görürəm ki, artan yükdaşımaların həcminə görə bunlar kifayət etməyəcək”.
İlham Əliyev eyni zamanda Qarabağ, Şərqi Zəngəzur, Zəngəzur dəhlizi və digər bölgələrin gələcək inkişafı üçün hər cür imkan və şəraitin olduğunu, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə çalışılacağını xüsusi
vurğulayıb.
Müsahibə Azərbaycanın, dövlətimizin əmin əllərdə olduğunu bir daha bütün dünyaya göstərdi.

Mətanət Şadlinskaya,
Bakı slavyan Universiteti
Regionşünaslıq kafedrasının baş müəllimi

Oxşar Xəbərlər

Back to top button