AnalitikaGündəmSiyasət

Azərbaycanın su təhlükəsizliyinin təminatında Prezident İlham Əliyevin misilsiz xidmətləri var

“Su ehtiyatları hər bir ölkənin həyat mənbəyi, sosial-iqtisadi inkişafının əsas dayaqlarından biridir. Müasir dövrdə su təkcə təbii resurs deyil, həm də strateji əhəmiyyətə malik milli sərvət hesab olunur. Çünki əhalinin artması, iqlim dəyişiklikləri və qlobal su qıtlığı şəraitində su ehtiyatlarının qorunması və səmərəli idarə olunması dövlətlərin əsas prioritetlərindən birinə çevrilib. Sirr deyil ki, Azərbaycan su ehtiyatları baxımından məhdud imkanlara malik ölkələr sırasındadır. O da məlumdur ki, ölkənin ümumi su ehtiyatlarının böyük hissəsi xarici ölkələrin ərazisində formalaşır. Bu isə su təhlükəsizliyini həm iqtisadi, həm də siyasi baxımdan strateji məsələyə çevirir. Məhz buna görə Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət ayırması, Azərbaycanda su sahəsində müxtəlif layihələrin reallaşdırılması səbəbsiz deyildir”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Azərbaycanın su təhlükəsizliyinin təminatında Prezident İlham Əliyevin misilsiz xidmətləri var: “Azərbaycanda son 20 il ərzində potensialı 500 milyon kubmetrdən çox olan 4 böyük su anbarı inşa edilib. Eyni zamanda, “Taxtakörpü”, “Şəmkirçay”, “Tovuzçay”, “Göytəpə”, Naxçıvanda “Heydər Əliyev”, “Vayxır” su anbarları, eləcə də Oğuz-Qəbələ-Bakı və Samur-Abşeron su kəmərləri ölkənin keyfiyyətli su ilə təminatına əhəmiyyətli dərəcədə təsir göstərir. Onu da qeyd etmək lazımdırki, torpaqlarımız işğaldan azad olunduqdan sonra isə “Suqovuşan”, “Sərsəng” su anbarları, eləcə də Füzulidə “Köndələnçay”, Ağdamda “Xaçınçay”, Laçında “Zabuxçay” su anbarları tamamilə yenidən qurulub. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının – “Həkəriçay” və “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur. Bütün bunlarla yanaşı Qəbələdə “Yengicə”, Oğuz, Şəki rayonlarında “Əlicançay” su anbarlarının tikintisi, “Şirvan” kanalının isə yenidən qurulması həyata keçirilir. Yaxın gələcəkdə isə “Qarabağ” kanalının da yenidən qurulması prosesinə start veriləcək. Göründüyü kimi, əhalinin və sənayenin, kənd təsərrüfatının dayanıqlı su ilə təmin edilməsi, su mənbələrinin qorunması, su anbarlarının potensialının artırılması prioritet vəzifəsi olaraq dövlət tərəfindən təxirəsalınmadan reallaşdırılmaqdadır. Şübhə yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə atılan addımlar yaxın 10 il ərzində su ehtiyatlarının səmərəli istifadə edilməsi, əhalinin dayanıqlı və keyfiyyətli içməli su və sanitariya xidmətləri ilə təminatının yaxşılaşdırılması sahəsində ciddi dəyişikliklərə gətirib çıxaracaq”.

“Prezident İlham Əliyevin “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etməsi su resurslarının idarə olunması və təhlükəsizliyi sahəsində böyük uğurların əldə olunmasına səbəb olacaq” – deyən Ramil Vəlibəyov əlavə edib ki, proqramın icrası nəticəsində 30-a yaxın yeni su anbarının tikintisi olacaq, Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq, 200 kilometrdən çox magistral kanallar və paylayıcı şəbəkə tikiləcək və ya yenidən qurulacaq, həmçinin yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq: “Eləcə də Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu da inşa ediləcək. Bu da Bakı şəhərində və Abşeron yarımadasında faktiki istifadə olunan suyun 25 faizini təşkil edəcək”.

Oxşar Xəbərlər

Back to top button