AnalitikaGündəmSiyasət

Dünya azərbaycanlılarının birliyi dövlətçilik tariximizin ən möhkəm dayaqlarındandır

Bəzən elə tarixlər olur ki, adi bir gün olmaqdan çıxıb bütöv bir millətin yaddaşına çevrilir. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü məhz belə günlərdəndir. Bu tarix sadəcə bayram deyil, xalqın öz varlığına, milli kimliyinə və birliyinə verdiyi dəyərin rəmzidir. Dünyanın harasında yaşamasından asılı olmayaraq, milyonlarla azərbaycanlının qəlbində yaşayan Vətən sevgisinin ifadəsidir. Bu günün yaranması təsadüfi olmayıb, dərin düşüncəyə, uzaqgörənliyə və milli məsuliyyətə əsaslanır. Bu böyük ideyanın müəllifi isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir.

Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyini yalnız siyasi çağırış kimi deyil, milli şüurun dirçəlişi kimi dəyərləndirirdi. Sovet ideologiyasının sərt çərçivələri, qadağalar və basqılar dövründə “Azərbaycan birliyi” anlayışını irəli sürmək böyük cəsarət tələb edirdi. Lakin Ulu Öndər zamanın fövqündə düşünən, gələcəyi aydın görən lider kimi bu addımı atdı. O, hər bir azərbaycanlının harada yaşamasından asılı olmayaraq Vətənlə mənəvi bağını qorumasını milli sərvət hesab edirdi. Məhz bu düşüncə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün ideoloji əsasını formalaşdırdı. Sonradan keçirilən Dünya Azərbaycanlılarının ilk qurultayı bu ideyanın real gücə çevrildiyini nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrindən gələn soydaşlarımız ilk dəfə olaraq vahid amal – azərbaycançılıq ideyası ətrafında birləşdilər.

Bu ideya zamanla daha geniş məzmun aldı və müasir dövrdə Prezident İlham Əliyevin liderliyi ilə yeni mərhələyə yüksəldi. XXI əsrdə həmrəylik anlayışı artıq yalnız mənəvi bağlılıq deyil, dövlətin strateji dayağı kimi qəbul olunmağa başladı. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycan gücləndikcə dünya azərbaycanlılarının birliyi də möhkəmlənir. Bu birlik milli kimliyə sədaqətin və Vətənə sevginin təzahürüdür. Məhz bu yanaşma diaspor siyasətinin əsasını təşkil edir. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, hüquqlarının qorunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ardıcıl və sistemli dövlət siyasətinə çevrilib. Müxtəlif ölkələrdə yaradılan Azərbaycan evləri, diaspor mərkəzləri və mədəni ocaqlar milli həmrəyliyin real təzahürüdür.

Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə bu birlik özünün ən yüksək zirvəsinə çatdı. Dünyanın dörd bir yanında yaşayan soydaşlarımız informasiya müharibəsində fəal mövqe tutaraq Azərbaycanın haqq işini müdafiə etdilər. Bu, sadəcə dəstək deyildi, bu, milli ruhun, tarixi məsuliyyətin və ortaq taleyin ifadəsi idi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, qələbənin əsas dayaqlarından biri xalqın dəmir kimi birliyi oldu.

31 Dekabrın daşıdığı siyasi və mənəvi məna ondan ibarətdir ki, Azərbaycan dövləti dünyanın hər yerində yaşayan milyonlarla azərbaycanlının dövlətidir. Bu gün yeni ilə qədəm qoyulan bir vaxtda qeyd olunur və bu da simvolik məna daşıyır: bütün azərbaycanlıların yeni ilə bir ruhda, bir düşüncədə, bir amal ətrafında daxil olması. Bu bayram hər bir soydaşımıza ünvanlanan açıq mesajdır – siz tək deyilsiniz. Arxanızda güclü dövlət, minillik tarix, ortaq dil, mədəniyyət və yaddaş dayanır. Sizi birləşdirən Azərbaycan ideyası var.

Diaspor hərəkatı bu ideyanın qlobal daşıyıcısına çevrilib. Bu gün Azərbaycan diasporu dünyanın ən fəal icmalarından biridir. Onlar milli mədəniyyəti qoruyur, dili yaşadır, iqtisadi və elmi əlaqələr yaradır, Azərbaycanın mövqeyini beynəlxalq müstəvidə gücləndirirlər. Diaspor təşkilatları informasiya savaşlarında ön cəbhədə dayanaraq dövlətin maraqlarını müdafiə edirlər. Bu səbəbdən həmrəylik təkcə bir günlə məhdudlaşmır, bir millətin uzunmüddətli strategiyasına çevrilir.

Nəticə etibarilə, Azərbaycan yalnız xəritədə göstərilən bir ərazi deyil. O, milyonlarla insanın qəlbində yaşayan ruhdur. Azərbaycan təkcə sərhədlərlə ölçülmür, o, dəyərlər sistemi, ortaq yaddaş və gələcəyə inamdır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin isə müasir dövrün tələblərinə uyğun davam etdirdiyi bu ideya xalqımızın bu günü, sabahı və əbədi yoludur. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü isə bu yolun ən parlaq simvollarından biridir.

Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button