AnalitikaGündəmSiyasət

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik və mənəvi bütövlüyümüzü təcəssüm etdirən əlamətdar tarixdir. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını eyni amal, eyni milli kimlik və Vətən sevgisi ətrafında birləşdirir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu ilin dekabrında Naxçıvan Muxtar Respublikasında atılmışdır. Həmin dövrdə Araz çayı boyunca çəkilmiş süni sərhədlərin sökülməsi xalqımızın azadlıq və birliyə can atmasının rəmzinə çevrildi. 1991-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmiləşdirildi və bu tarix milli yaddaşımızda xüsusi yer aldı.

Bu gün azərbaycanlıların milli kimliyinin, dilinin, mədəniyyətinin və adət-ənənələrinin qorunması və dünyada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Xaricdə yaşayan soydaşlarımız yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərinin təbliğində, milli maraqlarımızın müdafiəsində və diaspor fəaliyyətinin gücləndirilməsində fəal iştirak edirlər. Bu həmrəylik Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə mühüm töhfə verir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü diaspora siyasəti dünya azərbaycanlılarının təşkilatlanmasını və birliyini daha da gücləndirmişdir. Xüsusilə Vətən müharibəsində qazanılan tarixi Zəfər həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlıların sarsılmaz birliyini və milli həmrəyliyini bütün dünyaya nümayiş etdirdi.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təkcə bayram deyil, eyni zamanda gələcək nəsillərə ötürülən milli məsuliyyət və vəhdət çağırışıdır. Bu gün hər bir azərbaycanlını Vətənə bağlılıq, milli dəyərlərə sədaqət və ümummilli maraqlar ətrafında daha sıx birləşməyə səsləyir.31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün dünya azərbaycanlılarını təbrik edir, onlara birlik, əmin-amanlıq və uğurlar arzulayırıq. Milli həmrəyliyimiz daim möhkəm, dövlətimiz əbədi və güclü olsun

  Əlizadə Günel,
Yeni Azərbaycan partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button