
Kəlbəcərə qayıdış tarixi ədalətin bərpasıdır
25 Noyabr – Kəlbəcər Şəhəri Günü həm qayıdışın, həm ədalətin, həm də xalqımızın öz doğma torpaqlarına sahib çıxmaq iradəsinin rəmzinə çevrilmişdir. 44 günlük Vətən müharibəsində əldə olunan böyük Zəfərin ən yaddaqalan məqamlarından biri heç şübhəsiz ki, Kəlbəcərin işğaldan azad olunması oldu. Uzun illər xalqımız üçün nisgil, həsrət və yaralı xatirələrlə dolu olan bu bölgə 1993-cü ildə düşmən tərəfindən işğal edilmiş, 27 il ərzində təbii sərvətləri talan olunmuş, tarixi irsi dağıdılmışdı. Lakin bütün bu ağrılara baxmayaraq, Azərbaycan xalqı ümidini heç vaxt itirmədi.
Prezident İlham Əliyevin illər boyu səsləndirdiyi “Kəlbəcər bizimdir və biz ora qayıdacağıq” sözləri 2020-ci ilin 25 noyabrında gerçəyə çevrildi. Kəlbəcərin bir güllə belə atılmadan, siyasi iradə və diplomatik üstünlük hesabına geri qaytarılması həm dövlətimizin gücünü, həm də xalqımızın birliyini bir daha nümayiş etdirdi. Bu tarix Azərbaycan xalqının yaddaşına böyük qürur və sevinc günü kimi yazıldı.
Bu gün Kəlbəcər həyatının tamamilə yeni mərhələsini yaşayır. Azadlığın ilk günündən regionda genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Sıldırım dağlara çəkilən müasir yollar, tikilən tunellər, yenilənən enerji infrastrukturu Kəlbəcərin gələcək inkişafının təməlini qoyur. İstisu Kurort Kompleksi, yeni yaşayış əraziləri, məktəblər, xəstəxanalar və digər sosial obyektlər bölgənin yenidən doğuşunun bariz nümunəsidir. Bu layihələr Kəlbəcərin Qarabağ və Şərqi Zəngəzurun ən dinamik inkişaf edən bölgələrindən birinə çevriləcəyinin xəbərçisidir.
25 Noyabr – Kəlbəcər Şəhəri Günü həm də xalqımızı Zəfərə aparan milli birliyin, gücün və vətən sevgisinin təcəssümüdür. Bu gün bizə xatırladır ki, torpaq müqəddəsdir və onu qorumaq hər bir azərbaycanlının borcudur. Kəlbəcərdə başlayan dirçəliş təkcə bərpa layihəsi deyil, həm də böyük bir intibahın başlanğıcıdır. Bu intibah Azərbaycanın gücünün, xalqımızın iradəsinin və dövlətimizin əzminin göstəricisidir.
Bu gün Kəlbəcər öz tarixi ilə birgə yenidən doğulmuşdur. Qayıdışın gətirdiyi sevinc, bərpa prosesinin yaratdığı ümid və gələcəyə inam Kəlbəcər Şəhəri Gününü Azərbaycan xalqının qəlbində əbədi ömürlü bir səhifəyə çevirir. Bu gün xalqımızın birlik ruhunu, qələbə əzmini və torpaqlarımıza olan sonsuz məhəbbətini bir daha təsdiqləyən müqəddəs bir gündür.
Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



