AnalitikaGündəmSiyasət

Yeni Azərbaycan partiyası xalqın partiyasıdır

Azərbaycanın müasir siyasi sisteminin formalaşmasında mühüm rol oynamış Yeni Azərbaycan Partiyası, ölkədə dövlətçilik ideyalarının möhkəmləndirilməsi və siyasi sabitliyin bərqərar olmasında əsas aparıcı qüvvələrdən biri kimi tarixə daxil olmuşdur. 1990-cı illərin mürəkkəb ictimai-siyasi şəraitində yaranan bu partiya, yalnız siyasi bir təşkilat deyil, həm də milli inkişaf strategiyasının daşıyıcısına çevrilmiş genişmiqyaslı ictimai hərəkatın təzahürünə çevrilmişdir. YAP-ın meydana çıxması Azərbaycan cəmiyyətinin siyasi təşkilatlanma ehtiyacına cavab vermiş, onun sonrakı fəaliyyəti isə ölkənin dövlət quruculuğu, iqtisadi modernləşmə və ictimai-sosial dinamikanın formalaşmasında həlledici rol oynamışdır.
Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası ötən əsrin sonunda ölkənin gərgin bir dövründə siyasi arenaya gəldi və xilasın, tərəqqinin binasını qoydu. O zaman tez-tez hakimiyyət dəyişiklikləri və daxili siyasi çaxnaşmalar baş verirdi. Azərbaycanda böhran vəziyyəti qorxulu həddə çatmışdı. Nankor qonşularımız Qarabağda işğalçılıq və separatçılıq siyasəti yeridir, əzəli torpaqlarımızı ələ keçirməyə çalışırdılar. Nizami ordumuz olmadığına görə, adda-budda yaradılmış özünümüdafiə dəstələri düşmənin qarşısını almaqda çətinlik çəkir, çoxlu itki verirdilər. Artıq Xocalı faciəsi törədilmiş, Qarabağın baş tacı olan Şuşa və Laçın işğal edilmişdi. Gərgin, əzablı, qan-qadalı günlərin uzanması vətənpərvər qüvvələrdə müstəqilliyi itirmək xofu yaradanda böyük siyasət ustasına, xalqın artıq öz lideri kimi qəbul edib “baba” deyə müraciət etdiyi millət atasına yazılı müraciət ünvanlandı.Tariximizə “91-lər”in müraciəti kimi düşən bu məktub bəlkə də 91-minlərin böyük sərkərdəni sidq ürəklə təkcə yeni yaradılacaq siyasi partiyaya deyil, gənc, müstəqil Azərbaycana rəhbərlik etməyə çağırışı idi. Yəqinliklə demək olar ki, Heydər Əliyev öz fəhmi ilə bu müraciətin arxasında 91 nəfərin yox, çox böyük bir qüvvənin – milyonların durduğunu görürdü. Heydər Əliyevin respublikada siyasi vəziyyətin geniş təhlilini verən, yaranmış vəziyyətdən konkret çıxış yollarını göstərən və bütün bunların həm ölkə rəhbərliyindən, həm respublikadakı siyasi qüvvələrdən, həm də hər bir vətəndaşdan ciddi səylər tələb etdiyini göstərən bu məktubu sonralar yeni yaradılmış YAP-ın fəaliyyətinin əsas prinsip və istiqamətlərini təşkil etdi.
Yeni Azərbaycan Partiyasının təsis qurultayını 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirmək qərara alındı. Çünki yeni siyasi qurumun özünə lider seçdiyi tanınmış siyasi xadim, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Bakıya gəlməsinə özünü demokratik sayan AXC hakimiyyəti tərəfindən imkan verilmirdi. Naxçıvana təsis konfransına gələn nümayəndələri təyyarə meydanında toplaşan hüquq mühafizə orqanlarının əməkdaşları geri qaytarır, müqavimət göstərənləri döyür, təhqir edirdilər. Lakin təhdid və təqiblərə baxmayan vətənpərvər qüvvələr Naxçıvana yola düşür və 550 nəfərdən ibarət təşəbbüs qrupu burada təsis konfransına başlayır.
Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvan səhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı yeni siyasi təşkilatın rəsmən fəaliyyətə başladığını elan edir. Yeni Azərbaycan Partiyasını yaradan Heydər Əliyev ölkənin böhran vəziyyətindən xilas edilməsinə, siyasi sabitliyin dönməzliyinə təminat yaradılmasına, əhalinin bütün təbəqələrini işğal edilməmiş ərazilərimizin müdafiə edilməsi uğrunda mübarizəyə istiqamətləndirilməsinə başladı. Təsis konfransında Heydər Əliyev partiyanın adı, onun məramı, məqsəd və vəzifələri haqqında düşünərək belə qərara gəldi ki, Azərbaycanın qədim bölgəsi olan Naxçıvanda təsis edilən partiya bütün Azərbaycanın və bütün azərbaycanlıların siyasi partiyası olmalıdır. Heydər Əliyev partiyanın adı haqqında düşünərkən belə hesab edirdi ki, bu siyasi təşkilat ağır şəraitda yaşayan, lakin müstəqillik qazanan bütün Azərbaycanın vahid partiyası olacaqdır. Bu məramla da Heydər Əliyev yaranan partiyanı Yeni Azərbaycan Partiyası adlandırdı. Partiya yarandıqdan sonra onun fəal üzvləri təqiblərə, təzyiqlərə, zorakılıqlara məruz qaldılar. Lakin heç kim əqidəsindən, tutduğu yoldan dönmədi. Partiyanın yaradılmasının qarşısını almaq məqsədilə bu təşəbbüsün tərəfdarlarına qarşı hazırlanan ən təhlükəli aksiyalardan biri Heydər Əliyevin özünə ünvanlanmışdı. Sədaqətli, qeyrətli, cəsarətli insanların dəstəyi ilə bu faciəli qəsdin qarşısı alındı, xalqımızın böyük oğlu Heydər Əliyev təhlükəli fitnəkarlıqdan hifz edildi.
Yarandığı gündən Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və uğurla həyata keçirilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və inkişaf etmiş iqtisadiyyat yaratmaqla sosial rifahı təmin etməkdən ibarət olmuşdur. Zaman göstərdi ki, bu partiya öz məqsədləri naminə müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi və ədalət prinsipləri çərçivəsində fəaliyyət göstərmişdir. Məhz buna görə xalqın partiyasına çevrilən, yüz minlərlə üzvü birləşdirən partiya bu müddət ərzində ölkədə bütün səviyyələrdə keçirilən (prezident, parlament və bələdiyyə) seçkilərdə inamlı qələbələr qazana bilmişdir. Bu bir daha ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının geniş ümumxalq dəstəyinə malik yeganə və alternativsiz tərəqqi yolu olduğunu sübut edir.
Qeyd etmək lazımdır ki, ümummilli lider həyatının son anlarında da varlığı qədər sevdiyi Azərbaycanı düşünərək xalqa doğru, düzgün yol göstərdi, seçimində yanılmamağı məsləhət gördü: “Üzümü sizə – həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd , mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
1999-cu ildə YAP-ın I qurultayında partiya sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini seçilən İlham Əliyev 2005-ci ildə Yeni Azərbaycan Partiyasının sədri seçildi. İlham Əliyev partiya haqqında qeyd edirdi: “Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi”. Həmin seçkidən iki il əvvəl ölkə Prezidenti seçilən İlham Əliyev iyirmi ilə yaxındır ki, ümummilli liderin dövlətçilik irsinin layiqli davamçısı kimi ölkəmizin quruculuq və inkişaf xəttinə sədaqət nümunəsi göstərir.
Yeni Azərbaycan Partiyası bizləri bir amal ətrafında birləşdirir, ictimai-siyasi həyatımıza verdiyi düzənlə, dəqiq hədəfləri göstərməklə irəliləyişimizi, tərəqqimizi yönləndirir. Zamanın sınaqlarından alnıaçıq, üzüağ çıxan Heydər Əliyev ideyalarını yeni Azərbaycanın dövlətçilik irsi kimi qoruyub yaşadan bu partiyanın 2021-ci il martın 5-də keçirilmiş növbədənkənar 7-ci qurultayında qeyd olunub ki, 30 ilə qədər erməni işğalı altında qalmış Azərbaycan torpaqları Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində azad edilib, Azərbaycanın çoxəsrlik tarixinin ən şərəfli səhifələrindən biri yazılıb, xalqımızın və millətimizin qüruru qaytarılıb, adı ucalıb. Bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun ən yüksək zirvəyə çatması, ölkəmizin sosial-iqtisadi və hərbi-siyasi yüksəlişi məhz bu yolun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Həmçinin 2021-ci ilin martın 5-də keçirilən partiyanın VII qurultayında Mehriban xanım Əliyeva partiya sədrinin birinci müvini təyin edilmişdir ki, bu isə yüksək etimadın və Azərbaycan dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür.
Qeyd etmək lazımdır ki, 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2024-cü il sentyabrın 1-də keçirilən yeddinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası parlaq qələbəyə imza ataraq parlamentdə 68 millət vəkili ilə təmsil olunmaq hüququ qazanmışdır. 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası qələbə qazanaraq yerli özünüidarəetmə orqanlarında yerlərin böyük əksəriyyətini əldə etmişdir.
Bu gün Yeni Azərbaycan Partiyasının üzvləri qlobal inteqrasiya proseslərinə və demokratik dünya birliyinə rasional və praqmatik yanaşaraq, milli demokratiyanın inkişafını dərinləşdirmək istiqamətində ardıcıl addımlar atırlar. Onlar Azərbaycanın müstəqil siyasətini, zəngin mədəni irsini və modern inkişaf modelini dünyada daha da tanıdaraq ölkəmizin beynəlxalq arenada mövqeyinin güclənməsinə töhfə verirlər. Bu strateji xəttin uğurla həyata keçirilməsində Prezident İlham Əliyevin ətrafında möhkəm birliyini nümayiş etdirən xalqın rolu xüsusi əhəmiyyət daşıyır. Müstəqil Azərbaycanın dinamik yüksəlişini təmin edən bu birlik, eyni zamanda YAP-ın tarixi missiyasının mühüm tərkib hissəsinə çevrilmişdir. Partiyanın yüz minlərlə üzvü onun sıralarında yer almağı qürur mənbəyi sayır, ölkənin çağırışlarına cavab vermək üçün məsuliyyətlə fəaliyyət göstərir və birgə səyləri ilə Azərbaycanın daha firavan gələcək yoluna xidmət edirlər.

Əsədova Əminə,
Xəzər rayonu,92 nömrəli tam orta məktəbin müəllimi

 

Oxşar Xəbərlər

Back to top button