
Kəlbəcər… Sıldırım qayalıqları, çiçəkli yaylaqları, Qarabağın qəlbi kimi döyünən təbiəti ilə Azərbaycan üçün hər zaman müqəddəs bir yurd yeri olub. Lakin 1993-cü ildə bu gözəl diyarın düşmən tərəfindən işğalı bütün xalqımız üçün ağır bir yaraya çevrildi. Onlarla kənd viran edildi, minlərlə insan doğma elindən-obasından didərgin düşdü. Amma xalqımız heç vaxt ümidini itirmədi. Hər bir azərbaycanlının qəlbində bir gün Kəlbəcərə qayıdış arzusu yaşayırdı.
2020-ci ilin 10 noyabrında başa çatan Vətən müharibəsi xalqımıza tarixi Zəfər bəxş etdi. Müzəffər Azərbaycan Ordusu, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu bir güllə atılmadan, böyük strateji üstünlüyümüz nəticəsində 25 noyabr 2020-ci ildə işğaldan azad edildi. Kəlbəcərə uzanan yolların hər qarışı Azərbaycan əsgərinin iradəsinin, xalqımızın birliyinin təntənəsi oldu.
Kəlbəcərin işğaldan azad olunması təkcə bir bölgənin geri qaytarılması deyil, həm də milli ləyaqətin və tarixi ədalətin bərpası idi. Bu zəngin diyar əsrlər boyu özünəməxsus mədəniyyəti, yaylaq həyatı, ozan ənənələri və saf təbiəti ilə Azərbaycan ruhunun ayrılmaz hissəsi olub. Düşmən tapdağı altında qaldığı illər ərzində Kəlbəcərin meşələri yandırıldı, abidələri dağıdıldı, kəndləri talan edildi. Amma bütün bu vəhşiliklər xalqımızın iradəsini qıra bilmədi. Azadlıq xəbəri gəldiyi gün milyonlarla insanın qəlbində eyni sevinc, eyni qürur hissləri çiçək açdı. Kəlbəcərə qayıdış artıq bir xəyaldan gerçəkliyə çevrilmişdi. O torpaq ki, əsrlərdir igidlərin yolunu gözləyirdi, nəhayət, doğma sahiblərinə qovuşdu. Bu gün Kəlbəcərdə yenidən quruculuq işləri aparılır, yollar çəkilir, yeni həyat təşəkkül tapır. Sıldırım dağların ətəyində səslənən inşaat sədaları xalqımızın gücünü və sarsılmaz iradəsini bir daha nümayiş etdirir.
30 il həsrətlə gözlədiyimiz torpaqlarımıza yenidən həyat qayıdır. Kəlbəcərdə yollar çəkilir, məktəblər, xəstəxanalar, yeni yaşayış məhəllələri inşa olunur. Bir vaxtlar dağıdılmış kəndlərimiz yenidən çiçəklənir. Qayalarda yenə lalələr açır, çaylar əvvəlki kimi gur axır. Bu torpaqlara qayıdan insanlar təkcə evlərini deyil, həm də illərlə dərinliklərdə qalmış ümidlərini yenidən qururlar. Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı çıxışındakı sözlərinə diqqət yetirək: “Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir”. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər. Narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağılmış məscidlərə baxsınlar. Məscidlərin dağıdılmasına etiraz edilməməsi Qərb ölkələrinin ikili standartlarının, islamofobiyanın, xristian təəssübkeşliyinin təzahürdür. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın ərazisində onilliklər ərzində qalmış 67 məsciddən 63-ü dağıdılmışdır. Azərbaycan Prezidenti o məscidlərin biri olan Ağdam məscidini də ziyarət etmiş, məscidin dağıdılmış vəziyyətini dünyaya nümayiş etdirmişdir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr “Kəlbəcər şəhəri günü” kimi müəyyən olub. Artıq ölkəmizdə ilk dəfə “Kəlbəcər şəhəri günü” qeyd edilir. Bununla bağlı müxtəlif səpkili tədbirlər təşkil edilir. Əlbəttə ki, bu tədbirlərdə torpaqlarımızın azadlığı uğurunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Yeri gəlmişkən, qəhrəmanlarımıza daima hörmət və ehtiram olunur. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Bununla dövlətimiz torpaq uğrunda döyüşənlərin əməyini yüksək qiymətləndirmiş olub.
Kəlbəcərin dirçəlişi həm də gələcək nəsillərə mühüm bir mesajdır: torpaq yalnız qorunduğu zaman torpaq olur, Vətən isə yalnız bütöv olanda Vətəndir. Kəlbəcərin azad olunması Azərbaycan xalqının birliyinin, əsgərinin cəsarətinin və dövlətimizin qətiyyətinin ən parlaq nümunələrindən biridir. Kəlbəcərin azad olunması təkcə bir rayonun deyil, bütün Azərbaycanın qürur günüdür. Bu Zəfər bizə həm gücümüzü, həm birliyimizi, həm də tarixə öz adımızı ədalətlə yazmağımızı xatırladır. Kəlbəcər artıq azaddır – əbədi, dönməz və sarsılmaz şəkildə!
Elnarə İsgəndərova,
Xəzər rayonu 125 saylı tam orta məktəbin müəllimi.



