
1992-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanın siyasi həyatına daxil olaraq ölkənin gələcək inkişafının təməlini qoydu. Bu partiyanın yaranması müstəqil Azərbaycanın ən çətin dövrünə təsadüf etdi. O vaxt hakimiyyət zəif, iqtisadiyyat iflic və ərazi bütövlüyü təhlükə altında idi. Dövlət idarəçiliyindəki xaos və siyasi parçalanma ölkəni böhrana sürükləyirdi. 1992-ci il oktyabrın 16-da 91 ziyalı “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətini Ulu Öndər Heydər Əliyevə ünvanladı.
Bu müraciət Yeni Azərbaycan Partiyasının yaradılmasına zəmin yaratdı. Ulu Öndər müraciətə müsbət cavab verərək partiyanın təsis olunmasını təsdiqlədi. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilən təsis konfransında 500-dən çox nümayəndə iştirak etdi. Heydər Əliyev partiyanın sədri seçildi və ölkədə sabitliyin bərpası üçün əsas qoyuldu.
1993-cü ilin oktyabrında Heydər Əliyev Prezident seçilərək Azərbaycanın böhrandan çıxmasına rəhbərlik etdi. YAP yalnız siyasi təşkilat kimi deyil, həm də idarəetmədə məsuliyyət və peşəkarlığın mərkəzi oldu. Partiyanın ideoloji prinsipləri – vətənə sədaqət, dövlətçiliyə sadiqlik və milli həmrəylik – Azərbaycan siyasətinin əsasını təşkil etdi. 1999-cu ildən YAP beynəlxalq aləmdə də fəaliyyətini genişləndirdi. 2005-ci ilin martında İlham Əliyev partiyanın sədri seçilərək fəaliyyətə yeni nəfəs verdi. Bu gün partiyanın üzvlərinin sayı 800 minə yaxındır. YAP gənclərin siyasi məktəbi və qadınların, veteranların iştirakı ilə geniş sosial bazaya malikdir. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi zamanı YAP milli birliyin qorunmasında mühüm rol oynadı.
Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri partiyanın siyasi xəttinin davamıdır. 33 il ərzində YAP dövlətin gücünü xalqın iradəsi ilə birləşdirərək gələcək nəsillərə müstəqil və rifah içində Azərbaycan miras qoydu. Bu gün Azərbaycan xalqı partiyanın fəaliyyətinə sadiq qalır və onun uğurlu siyasi yolunu dəstəkləyir.
Nəzrin Bayramova
YAP Xəzər rayon təşkilatının məsləhətçisi



