
Cənab Prezident İlham Əliyevin rəhbər vəzifələrə yeni təyinatlarla bağlı çıxışı bir daha göstərdi ki, ölkədə dövlətin daxili siyasətini həyata keçirməli olan şəxslərin üzərinə düşən məsuliyyət sadəcə inzibati idarəçiliklə məhdudlaşmır, bu, eyni zamanda mənəvi borcdur. “Dövlət başçısının sözləri ilə desək, “böyük etimad böyük işlər tələb edir”. Hər bir rəhbər təyin olunduğu andan bilməlidir ki, onun əsas vəzifəsi xalqla bir yerdə olmaq, xalqın dərdini bölüşmək və dövlət başçısının verdiyi tapşırıqları vicdanla yerinə yetirməkdir. Müasir mərhələdə bu yanaşma Azərbaycanın bütün regionlarında sosial dinamikanın, idarəçilikdə şəffaflığın və ictimai etimadın möhkəmlənməsinə xidmət edir. Çünki dövlətin mahiyyəti məhz vətəndaş rifahının yüksəldilməsində, xalqla dövlət arasında inam körpüsünün daha da gücləndirilməsində özünü göstərir.”
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri son illərdə həyata keçirilmiş infrastruktur layihələrinin miqyası ilə bağlı idi. Respublikanın bütün bölgələrində əsas infrastruktur layihələri, o cümlədən elektrik enerjisi, qaz, içməli su, yol və sosial obyektlərlə bağlı layihələr demək olar ki, başa çatıb. Elektrik enerjisi ilə təminatda sabitlik tam bərpa olunub, köhnəlmiş xətlər yenilənib, işğaldan azad edilmiş ərazilərdə isə sıfırdan qurulan enerji infrastrukturu güclü potensial formalaşdırıb. Magistral və şəhərlərarası yollar müasir standartlara uyğun şəkildə yenidən qurulub. Kənd yollarının da 70–80 faizi yüksək keyfiyyətlə təmir edilmiş, hər il bu istiqamətdə dövlət büdcəsindən əlavə vəsait ayrılır. Beləliklə, yolların müasirləşdirilməsi regionlar arasında nəqliyyat əlaqəsini asanlaşdırmaqla yanaşı, kənd təsərrüfatının, turizmin və sahibkarlığın inkişafına geniş imkanlar yaradıb.
Bununla yanaşı, bütün şəhərlərdə içməli su layihələri uğurla icra olunur. Kəndlərdə su təminatının yaxşılaşdırılması, suvarma sistemlərinin yenilənməsi, su anbarlarının və kanalların tikintisi nəticəsində kənd təsərrüfatı məhsuldarlığında artım müşahidə edilir. Sözügedən nailiyyətlərin hər biri dövlətin planlı, məqsədyönlü və davamlı siyasətinin nəticəsidir. Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı çıxışında qeyd edib: “Bütün digər infrastruktur layihələri, o cümlədən sosial infrastruktur layihələri, məktəb tikintisi, xəstəxanalar, idman obyektləri: “Yəni, bu gün Azərbaycanın bölgələrində bütün bu məsələlər öz həllini tapır.
Hər bir şəhərdə müasir xəstəxana fəaliyyət göstərir və bütün bunlar, əlbəttə ki, həm böyük vəsait, həm də gündəlik diqqət tələb edir. Yenə də deyirəm, biz bu məsələləri dövlət xətti ilə, dövlət büdcəsi hesabına regionların sosial-iqtisadi inkişafı proqramlarının icrası nəticəsində həll etmişik”.
Dövlətimizin başçısının çıxışında bir daha ölkənin bütün bölgələrində idarəçiliyin əsas prinsipinin sosial ədalət olduğu diqqətə çatdırılıb. Hər bir kənddə, hər bir bölgədə yaşayan insanlar ədalətin mövcudluğunu hiss edir. Bu amil sadəcə sosial məsələ deyil, eyni zamanda, idarəetmədə etimadın və sabitliyin qorunması üçün fundamental dəyərdir.
İdarəetmə sistemində əsas məqsəd vətəndaşla dövlət arasında etimad körpüsünün möhkəmləndirilməsidir. Bütün bunlar yalnız ədalətli, şəffaf və hesabatlı idarəçiliklə mümkündür. Beləliklə, sosial ədalət prinsipi dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib. Dövlət başçısının müvafiq tapşırıqlarına uyğun olaraq ölkənin bütün bölgələri, şəhərləri və kəndləri yüksək standartlara cavab verməli, insanlara daha yaxşı şərait yaradılmalıdır. Bu məqsədlə dövlət büdcəsi hesabına icra olunan infrastruktur və sosial layihələr birbaşa vətəndaş rifahına yönəlmişdir.
Qəbul zamanı səsləndirilən fikirlər dövlət idarəetməsinin gələcək mərhələsi üçün strateji çərçivə rolunu oynayır. İnfrastrukturun müasirləşməsi, sahibkarlığa dəstək, sosial ədalətin gücləndirilməsi və insan amilinin prioritetləşdirilməsi dövlət siyasətinin əsas istiqamətlərini təşkil edir. Bu istiqamətdə atılan addımlar idarəetmənin müasir tələblərə uyğunlaşmasını, şəffaflığın və ictimai etimadın dərinləşməsini təmin edir. Prezident İlham Əliyevin çıxışı bir daha təsdiqləyir ki, dövlətin gücü yalnız iqtisadi göstəricilərlə deyil, xalqa göstərilən xidmətin səviyyəsi və ədalət prinsiplərinə sadiqliyi ilə ölçülür.
Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası məsləhətçi



