
“Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır.”
— Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev
Biz bəzən “birlik” sözünü sadəcə bir çağırış kimi eşidirik. Çox zaman müharibə və ya təhlükə dönəmlərində dilə gətirilir.Amma əslində bu, bir millətin nəfəsidir. Bu nəfəs zəifləsə, heç bir inkişafın, heç bir zəfərin dadı qalmaz. Bu gün Azərbaycan üçün milli birlik təkcə sərhədlərin müdafiəsi deyil, həm də sabit inkişafın, milli kimliyin və beynəlxalq etimadın qorunması deməkdir. Son illərdə Azərbaycan təkcə bölgədə deyil, dünyada da adından ciddi şəkildə söz etdirir. Artıq ölkəmiz həm enerji diplomatiyasında, həm də humanitar sahələrdə mühüm aktor kimi çıxış edir. Qlobal siyasətdəki dəyişikliklər, enerji xəritəsindəki yeni istiqamətlər və Türk dünyasının güclənməsi fonunda Azərbaycan artıq tək bir coğrafiya deyil — bir simvoldur. Belə bir mərhələdə birliyin dəyəri yalnız emosional deyil, həm də strateji xarakter daşıyır.
Azərbaycanın qazandığı hər uğur — istər “yaşıl enerji zonası” təşəbbüsləri, istər Zəngəzur dəhlizinin reallaşması, istərsə də Türk Dövlətləri Təşkilatındakı fəal mövqeyi — ölkə daxilindəki ictimai həmrəyliyin nəticəsidir. Dövlətin gücü xalqın inamından doğur, xalqın inamı isə dövlətin ədalətli siyasətindən qidalanır. Bu qarşılıqlı əlaqə milli birliyin canlı mexanizmidir. Bu birlik Qarabağda torpaqlarımızı azad edəndə dağların başından səslənən bir nida idi. İndi isə bu birlik universitet auditoriyalarında, startap layihələrində, jurnalist yazılarında, bayrağı qürurla dalğalandıran gənclərin baxışında yaşayır.
Birlik, təkcə eyni fikirdə olmaq deyil. O, müxtəlif baxışların bir məqsəddə birləşməsidir. Məni ən çox düşündürən budur: biz gənclər bu birliyə necə töhfə veririk? Hər yazdığımız sətir, hər səsləndirdiyimiz fikir bu vəhdətin bir parçası ola bilər. Bəzən sadəcə düzgün düşünmək, düzgün danışmaq da milli gücün tərkib hissəsidir. Mən 23 yaşlı bir gənc kimi bu fikrin mənasını dərindən dərk edirəm. Biz artıq “müharibə nəsli” deyil, “qurucu nəsil” adlanırıq. Bizim vəzifəmiz qazandığımız Qələbəni qorumaq, amma eyni zamanda onu dünyaya düzgün izah etməkdir. Gənclər sosial mediada, təhsil mühitində, beynəlxalq platformalarda Azərbaycan reallığını doğru təqdim etdikcə milli birliyin müasir formasını yaradır. Vətən sevgisi artıq yalnız döyüş meydanında yox, düşüncə və ideya meydanında da ifadə olunur.
Bu gün gənclərin içində öz xalqının səsini dünyaya çatdırmaq istəyən jurnalistlər, diplomatlar, araşdırmaçılar yetişir. Bu, təsadüfi deyil. Çünki birliyin yeni mərhələsi — fikir birliyidir.
Cənab Prezident İlham Əliyevin “Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır” fikrində həm xəbərdarlıq, həm də inam var. Azərbaycanın beynəlxalq arenadakı rolunun artması təbii ki, həm böyük fürsət, həm də ciddi məsuliyyətdir. Bu gün biz artıq təkcə regionun deyil, qlobal dialoqun fəal iştirakçısıyıq. COP29 kimi beynəlxalq tədbirlərin Bakıda keçirilməsi, ölkəmizin enerji tranzit xəritəsindəki mövqeyi, Türk dünyasının inteqrasiya prosesində tutduğu lider rol — bütün bunlar milli birliyin canlı nəticələridir.
Birlik olmasa, bu uğurlar dayanıqlı olmaz. Çünki beynəlxalq səhnədə güclü görünmək üçün ölkə daxilində sabit, inamlı və eyni məqsədə yönəlmiş cəmiyyət vacibdir. Azərbaycanın dünyada oynadığı rol böyüdükcə, milli birliyin dəyəri də artır. Artıq bu, sadəcə bir çağırış deyil — milli təhlükəsizlik və inkişafın təməl prinsipidir.
Azərbaycan qalib dövlətdir. Amma qalib qalmaq, bəzən qalib gəlməkdən daha çətindir. Bu gün milli birliyin qorunması hər bir vətəndaşın — istər kənddə yaşayan sadə gəncin, istərsə də media nümayəndəsinin — şəxsi məsuliyyətidir. Bizim birliyimiz ordumuzun gücü kimi görünməsə də, onun qədər önəmlidir. Və bu, təkcə Prezidentin sözlərində deyil, bizim gündəlik davranışımızda da öz yerini tapmalıdır. Çünki birlik, yalnız rəsmi bəyanatlarda deyil, insanın düşüncəsində, münasibətində və seçimlərində baş verir və bu gün Azərbaycan dünyanın diqqət mərkəzində dayanır. Bu diqqəti davamlı hörmətə çevirmək yalnız birlikdə mümkün olacaq. Biz bir olduqda, qələbə tarixdə deyil, həyatın özündə yaşayır.
Gövhər Mərdanova,
Bakı Slavyan Universiteti/Sosial elmlər və Regionşünaslıq fakültəsi Jurnalistika ixtisası
4-cü kurs



