
Ulu Öndər Heydər Əliyevin bu fikirləri Azərbaycanın dövlətçilik tarixində Naxçıvanın oynadığı mühüm rolu bir daha ön plana çıxarır. 1990-cı il noyabrın 17-də Naxçıvanda üçrəngli bayrağın rəsmi şəkildə qəbul edilməsi, sovet sisteminin hələ güclü olduğu bir zamanda böyük siyasi iradə və milli qətiyyət nümunəsi idi. Bu addım, Azərbaycanın gələcək müstəqilliyinin təməl daşlarından biri oldu.
Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən bu qərar, təkcə Naxçıvan üçün deyil, bütün Azərbaycan üçün bir dönüm nöqtəsinə çevrildi. Onun sözləri ilə desək, bu addım Bakıda da dövlət səviyyəsində analoji qərarların qəbul edilməsinə yol açdı. Yəni, Naxçıvanda baş verən hadisə bütün respublika üçün istiqamətverici bir nümunə oldu, milli bayrağın rəsmi simvol kimi tanınmasına şərait yaratdı.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasında üçrəngli bayrağın dövlət rəmzi kimi qəbul edilməsi artıq milli iradənin ümumxalq səviyyəsinə yüksəldiyini göstərirdi. Bu, Naxçıvanda atılan cəsarətli addımın ölkə miqyasında təsdiqinə çevrildi. Bayrağın yenidən doğuluşu həm də xalqın azadlıq arzularının gerçəkliyə çevrilməsini simvolizə etdi.
Beləcə, Naxçıvanda başlanan bu tarixi proses Azərbaycanın gələcək müstəqil dövlətçiliyinə gedən yolun açarı oldu. Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyəti sayəsində üçrəngli bayraq təkcə Naxçıvanın deyil, bütün Azərbaycanın azadlıq simvoluna çevrildi.
Nigar Cəlalova
YAP Xəzər rayon təşkilatının fəalı



