
Azərbaycanın üçrəngli bayrağı, xalqımızın azadlıq və dövlətçilik tarixinin canlı şahididir. Onun kökləri 1918-ci ilə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədər uzanır. Məhz həmin il müstəqil Azərbaycan dövlətinin rəhbərləri yeni bayrağı qəbul edərək, türk kimliyini, müasir düşüncəni və islam mədəniyyətini birləşdirən üç rəng altında xalqı bir amal ətrafında topladılar. Bu bayraq o dövr üçün sadəcə bir simvol deyil, yeni yaranmış dövlətin azadlıq manifesti idi.
Cümhuriyyətin süqutundan sonra üçrəngli bayraq uzun illər qadağan olundu, lakin xalqın yaddaşından heç vaxt silinmədi. O, qəlblərdə yaşadı, nəsildən-nəsilə ötürülən azadlıq arzusunun nişanəsinə çevrildi. 1990-cı ildə Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə bu bayraq yenidən rəsmi şəkildə ucaldıldı və az sonra bütün ölkə səviyyəsində qəbul olundu. Bu, milli kimliyimizin bərpası və müstəqil dövlətin bünövrəsinin yenidən qurulması demək idi.
Üçrəngli bayrağımızın hər rəngi dərin məna daşıyır: mavi — türk mənşəyimizi, qırmızı — müasirliyə və tərəqqiyə yönəlmiş iradəmizi, yaşıl — islam mədəniyyətinə sadiqliyimizi təcəssüm etdirir. Bu üç rəng bir araya gələndə, Azərbaycanın tarixi, bu günü və gələcəyi bir simvolda birləşir.
Bu gün üçrəngli bayrağımız ölkəmizin hər guşəsində, beynəlxalq arenada və hər bir azərbaycanlının qəlbində dalğalanır. Onun şanlı tarixi xalqın iradəsi, mübarizliyi və milli şüurunun parlaq ifadəsidir. Bu bayraq bir daha göstərdi ki, azadlığın rəngləri heç vaxt solmur.
Ləman Məmmədova
YAP Xəzər rayon təşkilatının fəalı



