Siyasət

Rusiya XİN başçısı: Laçın dəhlizi məsələsi yaxın vaxtlarda nizamlanacaq

Laçın dəhlizi məsələsi yaxın vaxtlarda nizamlanacaq.

Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Moskvada mətbuat konfransında RF XİN-in başçısı Sergey Lavrov bildirib.

O deyib: “Bu günlərdə Rusiya sülhməramlıları kontingentinin komandanının iştirakı ilə Azərbaycan nümayəndəsi ilə Qarabağ nümayəndələri arasında görüş təşkil olunub. Fikrimcə, məsələ yaxın vaxtlarda nizamlanacaq”.

Nazir qeyd edib ki, yanvarın 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla onun telefon danışığı olub. O xatırladıb ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, Laçın dəhlizi hər iki istiqamətə vətəndaşların, yüklərin və nəqliyyat vasitələrinin buraxılışı üçün sərbəst olmalıdır. Bəyanatda ayrıca qeyd olunub ki, hərbi yüklər bu marşrut üzrə yönəldilməməlidir.

“Erməni tərəfin bu dəhliz vasitəsilə minalar daşıması, sonradan bu minalardan üçtərəfli bəyanatların şərtlərini pozaraq Azərbaycan mövqelərinin yaxınlığındakı əraziləri minalamaqdan ötrü istifadə etmələri barədə azərbaycanlıların təqdim etdiyi məlumatlar hazırda hərbçilərimiz tərəfindən öyrənilir. Orada qarşılıqlı ittihamlar çoxdur”, – deyə Lavrov bildirib.

RF XİN başçısının sözlərinə görə, Rusiya təklif edib ki, üçtərəfli Bəyanat üzrə hərəkətə nəzarət səlahiyyəti verilən kontingent hər bir nəqliyyat vasitəsini onun içərisində qadağan olunmuş, qeyri-humanitar, qeyri-mülki məhsulların olub-olmamasını yoxlamaq üçün bütün imkanlara malikdir.

Oxşar Xəbərlər

Back to top button