
Şuşa Zəfərinə gedən yol uzun, çətin və fədakarlıqla dolu bir sınaq idi. Otuz ilə yaxın bir dövr ərzində xalqın qəlbində qığılcım kimi yaşayan ümid, nəhayət, 2020-ci ilin payızında alova çevrildi. Hər bir azərbaycanlının ürəyində Şuşa arzusu var idi və bu arzu nə unuduldu, nə də sönməyə qoyuldu.
Bu yolun başlanğıcında xalqın inamı, ordunun sədaqəti və dövlətin iradəsi dayanırdı. Azərbaycan illərlə həm iqtisadi, həm də hərbi cəhətdən güclənərək öz gücünü səssiz şəkildə topladı. Hər bir islahat, hər bir qərar, hər bir addım o böyük Qələbəyə aparan pillə idi.
Şuşaya doğru gedən hər addımda şəhidlərin ruhu, igidlərin qətiyyəti, xalqın duaları var idi. Qəhrəman Azərbaycan əsgəri sıldırım qayalardan, dumanlı meşələrdən keçərək bu müqəddəs torpağa çatdı. Şuşanın azadlığı həm hərbi, həm də mənəvi zəfərin zirvəsi oldu.
Bu gün Şuşa azad, bayrağımız dalğalanır. Zəfərin bu uzun yolunu keçən millət indi öz gücünə daha çox inanır. Çünki Şuşa Zəfəri təkcə bir şəhərin deyil, bir xalqın əbədi azadlıq ruhunun təcəssümüdür.
Nigar Cəlalova
YAP Xəzər rayon təşkilatının fəalı



